Yanvarın 20-də Afinada Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinlərinin rəhbərliyi ilə iki ölkə arasında Siyasi Dialoq görüşlərinin beşinci toplantısı baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, Ankara görüşündən bəri baş verən proseslər və qarşıdakı dövrdə Türkiyədə keçirilməsi planlaşdırılan Altıncı Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YSƏŞ) toplantısına hazırlıq məsələləri müzakirə edilib.
Toplantıda, həmçinin ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliklər təsdiqlənib, regional və beynəlxalq məsələlərdəki cari proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında əvvəlki siyasi dialoq görüşü ötən il iyunun 12-də Ankarada baş tutub.
YSƏŞ mexanizmi 2010-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir vəzifəsini icra etdiyi dövrdə, onun təşəbbüsü ilə yaradılıb. Şuranın toplantıları ardıcıllıqla Türkiyə və Yunanıstanda keçirilib.
Beşinci toplantı Prezident Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin həmsədrlikləri ilə 2023-cü il dekabrın 7-də Afinada təşkil olunub.