21 yanvar 2026 01:35
96

Uşaqları marketinq tələlərindən necə qoruyaq?

Müasir dövrdə reklam və marketinq təkcə böyüklərin deyil, həm də ən həssas sosial qruplardan biri olan məktəblilərin gündəlik həyatına dərindən nüfuz etmişdir. Göz oxşayan rənglər, cəlbedici dizaynlar və diqqəti dərhal cəlb edən görüntülər marketinq dünyasında təsadüfi seçilmir. Xüsusilə məktəblilər üçün hazırlanan reklamlar vizual elementlər vasitəsilə məhsulu daha dəyərli və zəruri kimi təqdim edir. Bu vizual aldanış uşaqların tənqidi düşünmə qabiliyyətini kölgədə qoyaraq, onları görüntünün arxasında gizlənən real məqsədləri görməkdən uzaqlaşdırır.

Psixoloq Aytən Ələkbərova “İki sahil”ə açıqlamasında qeyd edib ki, vizual təsirlərlə yanaşı, psixoloji tələlər də marketinq strategiyalarının əsas tərkib hissəsidir. “hamı bunu alır”, “sən də geri qalma” kimi mesajlar məktəblilərdə sosial təzyiq və kənarda qalmaq qorxusu yaradır. Bu cür psixoloji təsirlərin nəticəsində şagirdlər məhsulu real ehtiyaclarına görə deyil, qəbul olunmaq və digərlərindən geri qalmamaq istəyi ilə seçirlər. Beləliklə, reklamlar onların emosiyalarına yönəlir və rasional qərar vermə imkanlarını zəiflədir. Vizual aldanışlar və psixoloji tələlər məktəbliləri istehlakçı kimi formalaşdırmaqla yanaşı, onların düşüncə tərzinə də ciddi təsir göstərir. Bu təsirlərin fərqində olmaq və uşaqlara reklamların gizli mexanizmlərini anlatmaq, onları marketinqin görünməyən təsirlərindən qorumağın ən vacib yollarından biridir.

Psixoloq bildirib ki, “zərərsizdir” mifinin yaradılması istehsalçıların ən çox istifadə etdiyi psixoloji təsir mexanizmlərindən biridir. Bu məhsulların “təhlükəsiz” və ya “zərəri az” alternativ kimi təqdim edilməsi uşaqlarda risk anlayışını zəiflədir və onlarda yanlış təhlükəsizlik hissi formalaşdırır. Bununla da, asılılıq yaradan davranışa başlama qərarı daha asan və düşünülmədən qəbul edilir. Mütəxəssislərin fikrincə, uşağın beynində “bu, siqaret deyil, sadəcə buxardır” kimi sadələşdirilmiş düşüncənin yaranması ciddi təhlükə yaradır. Bu yanaşma nikotinin və vərdişin real təsirlərini kölgədə qoyur, davranışı normallaşdırır və gələcəkdə daha güclü, daha zərərli maddələrə keçid üçün psixoloji baryerləri aradan qaldırır. Beləliklə, “zərərsiz” kimi təqdim olunan məhsullar əslində uzunmüddətli asılılıq zəncirinin ilk halqasına çevrilir. Sosial şəbəkələrdə bloqerlərin təqdim etdiyi rəngli qutular uşaqlar üçün “müasirlik nişanı” kimi görünür. Onlar bu məhsullara sahib olmaqla sosial qrupda qəbul olunmağı və populyarlaşmağı əlaqələndirirlər. Valideyn nəzarəti və uşaqların maarifləndirilməsi bu cür təsirlərin qarşısını almaqda əsas rol oynayır. Marketinq şirkətləri yeniyetmələri sadəcə “daimi müştəri” kimi görür və onların maraqlarını öz məhsullarını satmaq məqsədinə yönləndirirlər. Mütəxəssislər hesab edirlər ki, valideynlər uşaqlara bu bazarda “müştəri deyil, şəxsiyyət” olduqlarını aşılamalıdırlar.

Bunun üçün uşaqlara marketinq oyunlarını sadə və anlaşılan dildə izah etmək lazımdır: reklamların niyə cazibədar göründüyünü, hansı psixoloji fəndlərdən istifadə edildiyini və bunun uşağın seçimlərinə necə təsir göstərdiyini anlatmaq vacibdir. Eyni zamanda, məktəblərdə “media savadlılığı” dərslərinin təşkili bu problemin həllinə kömək edə bilər. Belə dərslərdə şagirdlər reklamlardakı mesajları təhlil etməyi, onların məqsəd və niyyətlərini anlamağı öyrənə bilərlər. Nəticədə uşaqlar həqiqətləri dərk etdikcə aldanmaq riskini daha yaxşı anlayar və bu da onların tənqidi düşünmə qabiliyyətinin güclənməsinə şərait yaradar.

Şəmsiyyə Əliqızı, “İki sahil”