16 yanvar 2026 18:55
243

Bir qədəh belə təhlükəlidir...

Hətta az miqdarda alkoqol ağız xərçəngi riskini ciddi dərəcədə artırır

Alimlər yeni araşdırma zamanı az miqdarda alkoqol qəbulunun belə, tütün çeynəmə kimi vərdişlərlə birlikdə ağız xərçəngi riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyənləşdiriblər. Mütəxəssislərin xəbərdarlığına görə, gündə cəmi bir qədəh alkoqol ağız xərçəngi riskini təxminən 50 faiz yüksəldə bilər.

Dünyada ən çox rast gəlinən 11-ci xərçəng növü olaraq bilinən ağız xərçəngi xüsusilə Cənubi Asiyada, o cümlədən Hindistanda geniş yayılıb. Araşdırma göstərib ki, bu bölgədə geniş yayılmış tütün çeynəmə vərdişi ilə alkoqol istifadəsi birlikdə olduqda risk daha da artır.

“BMJ Global Health” adlı elmi jurnalda dərc olunan tədqiqatın nəticələrində alimlər bu iki faktorun Hindistanda qeydə alınan ağız xərçəngi hallarının təxminən üçdə ikisinə səbəb ola biləcəyini bildiriblər. Xüsusilə apong, bangla, chulli və mahua kimi yerli istehsal olunan spirtli içkilərin daha təhlükəli olduğu vurğulanıb.

Tədqiqat çərçivəsində 35-54 yaş aralığında yanaq mukozası xərçəngi diaqnozu qoyulmuş 1803 nəfərin məlumatları sağlam olan 1903 nəfərlə müqayisə edilib. İştirakçılardan alkoqol və tütün istifadəsi, istehlak tezliyi və müddəti barədə məlumatlar toplanıb. Nəticələrə əsasən, gündə təxminən 9 qram alkoqol qəbul edən şəxslərdə ağız xərçəngi riski 50 faizədək artır. Alkoqol və tütünün birlikdə istifadəsi isə bu riski dörd dəfədən çox yüksəldə bilər.

Alimlər hesab edirlər ki, alkoqol ağız boşluğunun qoruyucu qatını zəiflədərək tütün məhsullarındakı kanserogen maddələrin orqanizmə daha asan nüfuz etməsinə şərait yaradır. Bundan əlavə, yerli istehsal olunan spirtli içkilərin metanol və asetaldehid kimi zəhərli maddələrlə çirklənməsi riski daha da artırır. Tədqiqat müəllifləri vurğulayıblar ki, yerli spirtli içkilər bazarı demək olar ki, nəzarətsizdir və bəzi məhsulların alkoqol tərkibi 90 faizə qədər çata bilər.

Araşdırmanın nəticəinə görə, ağız xərçəngi riski baxımından alkoqol üçün təhlükəsiz qəbul həddi mövcud deyil. Alimlər bu səbəbdən alkoqol və tütün istifadəsinin azaldılmasının vacibliyini xüsusi qeyd ediblər.

Şahnigar Əhmədova, “İki sahil”