13 yanvar 2026 20:11
97

Hərbi əməkdaşlıq təşəbbüsü: Güc, müttəfiqlik və təhlükəsizlik

Prezident İlham Əliyevin birgə hərbi təlim təşəbbüsü təkcə bir təklif deyil, bu, müasir dünyada güc balansının dəyişdiyi, beynəlxalq hüququn zəiflədiyi bir dövrdə türk dövlətlərinin təhlükəsizlik konsepsiyasını yenidən düşünməyə çağırışdır

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində regionun təhlükəsizlik gündəliyinə dair ən diqqətçəkən məqamlardan biri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə səsləndirilən hərbi əməkdaşlıq təşəbbüsü oldu. Dövlətimizin başçısı açıq şəkildə təsdiqlədi ki, türk dövlətləri arasında hərbi əməkdaşlıq elementinin xüsusilə hiss olunması onun təklifidir. Bu etiraf təsadüfi deyil: Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlərdə yaranan yeni reallıqları əsas götürərək təhlükəsizlik konsepsiyasına fərqli prizmadan yanaşıb və türk dövlətləri üçün həm rəmzi, həm də praktik əhəmiyyəti olan birgə hərbi təlim ideyasını irəli sürüb. Dövlət başçısı müsahibədə bu məsələyə ilk dəfə toxunmadığını, əvvəl də zirvə görüşlərində bu mövzunu qaldırdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, dünyadakı proseslər elə istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməli, təhlükəsizliyini möhkəmləndirməlidir. Çünki qlobal miqyasda geosiyasi rəqabətin artması, regional münaqişələrin çoxalması, terrorizm, separatizm, kibertəhlükələr və müxtəlif təhdidlərin genişlənməsi türk dövlətlərinin təhlükəsizlik sahəsində daha sıx koordinasiyaya ehtiyacını artırır. Elə bu kontekstdə Azərbaycan hərbi istiqamət üzrə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin daha sıx inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edir, konkret təkliflər irəli sürür.

Prezident İlham Əliyevin vurğuladığı əsas ideyalardan biri beynəlxalq hüququn faktiki olaraq işləməməsi barədə qənaətidir. O, bu fikri qəti şəkildə ifadə edib və bildirib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur, bunu hər kəs unutmamalıdır. Artıq güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir…Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Elə Qəbələ Sammitindən keçən qısa müddət ərzində dünyada baş verən bir sıra hadisələr növbəti dəfə Azərbaycan liderinin nə dərəcədə haqlı olduğunu bir daha sübut etdi. İndiki dünya nizamının xaosa qərq olduğu bir vaxtda TDT-nin hərbi sahədə də sıx əməkdaşlığına böyük zərurət var və bu, həm də zamanın tələbidir. Nəzərə alınmalıdır ki, türk dövlətləri Avrasiyanın və beləliklə, dünyanın geosiyasi, geoiqtisadi səhnəsində mərkəzi yerdə dayanırlar. Elə bu amilin özü bir daha türk dövlətlərinin daha güclü mövqedə olmasını tələb kimi ortaya çıxarır.

Qeyd edək ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində artıq ikitərəfli formatda müsbət və uğurlu təcrübəyə malikdir. Ölkəmiz Türkiyə, Özbəkistan və Qazaxıstanla müxtəlif formatlarda birgə hərbi təlimlər keçirib və bu əməkdaşlıq öz səmərəsini verib. Xüsusilə Azərbaycan-Türkiyə təcrübəsi çoxtərəfli formatda əməkdaşlıq üçün nümunədir. Azərbaycan qardaş Türkiyə ilə birgə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsaslarını yaratmaq üçün konkret addımlar atıb. 2021-ci ilin iyun ayında imzalanan "Şuşa Bəynannaməsi" və 2025-ci ilin dekabr ayında Milli Məclisin ratifikasiya etdiyi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” bunun üçün hüquqi əsas yaradır. Anlaşma Memorandumu strateji müttəfiqlər Azərbaycan-Türkiyə arasında "Şuşa Bəyannaməsi"ndə əks olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir. Bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir. Anlaşma Memorandumu, həmçinin qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya artıq dərinləşməkdədir. Hazırda təşkilat daxilində 35-dən artıq sahə üzrə əməkdaşlıq mövcuddur və bu siyahı davamlı şəkildə genişlənir. Hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrinin bu prosesə daxil edilməsi tamamilə məntiqlidir. Türk dövlətləri arasında hərbi əməkdaşlıq ideyası coğrafi mövqe, mövcud geosiyasi şərait və ortaq maraqlardan irəli gəlir. Bu təşəbbüs heç bir gücə qarşı yönəlməyib. Məqsəd dövlətlərarası inteqrasiyanın hərbi və müdafiə sənayesi sahəsində də davam etdirilməsi üçün konseptual çərçivə yaratmaqdır. Bunun üçün həm resurslar, həm siyasi iradə, həm də real zərurət mövcuddur. Artıq bu konsepsiyanın praktik mərhələyə keçməsinin zamanı çatıb.

President İlham Əliyevin irəli sürdüyü birgə təlim idayasının arxasında dayanan əsas üstünlüklərdən biri də Azərbaycanın qazandığı sülh və müharibədən sonrakı bərpa təcrübəsidir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslər göstərdi ki, Azərbaycan təkcə hərbi müstəvidə qələbə qazanmaqla kifayətlənmədi, eyni zamanda, davamlı sülhün bərqərar olunması istiqamətində ardıcıl və prinsipial siyasət aparır. Prezident İlham Əliyevin ötən ilin sentyabrında BMT Baş Məclisində bəyan etdiyi “Azərbaycan müharibəni uddu və sülhü qazandı” formulasına əsaslanan təcrübəsi Türk dövlətləri üçün də ciddi özünəinam mənbəyidir.

Sevinc Azadi, “İki sahil”