08 yanvar 2026 20:03
194

“Qalatasaray” 60 milyon avroluq oyunçu ilə maraqlanır

Türkiyə Süper Liqasında yaranmış fasilədən istifadə edərək heyətini gücləndirməyi planlaşdıran “Qalatasaray” transfer çalışmalarını sürətləndirib. Sarı-qırmızılı klub heyətinə 3–4 önəmli futbolçu cəlb etməyi qarşısına məqsəd qoyub. Bu çərçivədə İstanbul təmsilçisinin gündəminə “Yuventus”un 60 milyon avro ödədiyi ulduz futbolçu daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Sarı-qırmızılılar” Super Kubokda “Fənərbaxça” ilə oynanılacaq oyun öncəsi danışıqlar apardıqları futbolçularla təmaslarını intensivləşdiriblər. Xüsusilə yarımmüdafiə xəttinə oyunçu axtaran “Qalatasaray”ın "radarına" bu dəfə “Yuventus” forması geyinən futbolçu düşüb.

"Fanatik" nəşrinin məlumatına görə, 2024-cü ilin yayında “Atalanta”dan 60 milyon avroya “Yuventus”a transfer olunan hollandiyalı futbolçu Teun Koopmeiners “Qalatasaray”ın əsas transfer hədəflərindən biridir.

Əsas mövqeyi “10 nömrə” olan 27 yaşlı yarımmüdafiəçi mövsümün ilk hissəsində “8 nömrə” kimi çıxış edib, daha sonra “6 nömrə” mövqeyində oynadılıb. Son həftələrdə isə o, hətta mərkəz müdafiəçisi kimi də istifadə olunub.

Boyu 1,84 metr olan Koopmeiners güclü fiziki göstəriciləri, texniki bacarığı və oyun zəkası sayəsində bir neçə fərqli mövqedə yüksək səviyyədə çıxış etməyi bacarır. Məlumata görə, “Qalatasaray” bu transferi icarə əsasında deyil, birbaşa bonservisini alaraq reallaşdırmaq niyyətindədir. Klubun həm futbolçunun özü, həm də “Yuventus” rəhbərliyi ilə danışıqlara başlamağa hazırlaşdığı bildirilir.