Artan respirator infeksiyaların və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hər il payız-qış mövsümlərində kəskin respirator infeksiyaların və qrip epidemiyalarının yayılması müşahidə edilir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir.
Risk qrupları. Yaşı 65-də yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslər yüksək risk qrupuna aid edilir.
Simptomlar:
• Hərarət
• Burun axıntısı və tutulması
• Boğaz ağrısı
• Öskürək
• Halsızlıq, baş ağrısı
• Bəzən ürəkbulanma, qusma
Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır.
Qeyd etmək istərdik ki, qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
Azərbaycan turizmi bu gün inkişafın YENİ MƏRHƏLƏSİNƏ DAXİL OLUB - Samir Dübəndi