08 yanvar 2026 23:37
245

Hirkan Parkı gözəlidir parkların...

Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Talış dağların ətəyində, təbiətin gözəl bir guşəsində qərar tutub. Lənkəran, Astara və Lerik inzibati rayonlarının ərazisini əhatə edir. Azərbaycanın ən qədim qoruqlardan sayılan bu park Prezident İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı əsasında yaradılıb. Onu da bəri başdan deyim ki, özünəməxsus meşə və dağ meşə landşaftı ilə seçılın milli parkın NESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında verilib.

Milli park əvvəlcə 21 min hektar olub, getdikcə onun sahəsi təxminə 41 min hektara çatdırılıb. Ərazisinin çox hissəsi meşələrdən və şimal-qərbdən cənub-şərqə doğru sıra dağlardan ibarətdir. Əsası subtropik zona olduğuna görə burada müxtəlif endemik, digər nadir ağaclar, kollar yaxşı boy verir. Belə də meşələrin hər min hektarına 32 bitki növü düşür, bu zənginliyə görə park Qafqazın xarakterik floraya malik 18 ərazisi arasında birinci yerdədir. Respublikamızda olan 435 ağac və kolun 150 növü Hirkan meşələrində hazırda vardır. Onlardan 36-si endemikdir. Hirkan şümşadı, ənciri, ipək aksiyası, ürək-yarpaq qızılağacı artıq “Qırmızı Kitab” a daxil edilib. Həmçinin ərazinin bitki aləminin müxtəlif, zəngin olması parkda çox sayli heyvanların yaşamasına şərait yaradır. Belə ki, burada xallı maral, cüyür, dağ keçisi, ayı, bəbir, vaşaq, yenot, porsuq, çöl donuzu növləri qorunur. Quşlardan isə qara leylək, məzar qartalı, toğlugötürən, qıvrım lələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu “Qırmızı Kitab” a düşənlər sayılır. Suda-quruda yaşayanlara, eləcə də sürünənlərə gəldikdə adi tritona, daraqlı tritona, Aralıq dəniz tısbağasına, zolaqlı çılpaq göz kərtənkələyə, girdəbaş yovşanlıq kərtənkələyə, xarablıq kələzə, eskulap ilana burada rast gəlinir.

Bəli, Hirkan Parkı gözəlidir parkların. Buraya gələnlər onun zənginliyinə heyran qalır və göz oxşayan füsunkar təbiətindən doya bilmir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü