08 yanvar 2026 11:05
181

Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək

Ölkəmizdə ilin ilk beynəlxalq yarışı keçirilir. Açıq Azərbaycan çempionatında 11 ölkədən idmançılar iştirak edirlər. Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək. Mart ayında Avropa çempionatına və Moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, qış idman növləri Azərbaycanda inkişaf edir.

"Bir aydan sonra keçiriləcək Qış Olimpiya Oyunlarına iki Azərbaycan idmançısı vəsiqə qazanıb. Düzdür, həmin idmançılar kənardan dəvət olunublar. Amma bizim yerli idmançılar da yetişirlər. Mən Qış İdman Növləri Federasiyasının bu istiqamətdə fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, görülən işlər nəticəsində gələcəkdə olimpiadalarda məhz burada yetişən yerli idmançılarla təmsil olunacağıq",- deyə Fərid Qayıbov vurğulayıb.