Prezident İlham Əliyev dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyinin təntənə ilə qeyd edilməsi üçün Sərəncam imzalamışdır.
Memar Əcəmi Naxçıvani Şərqin ən böyük memar-arxitektor-mühəndislərindən biri idi. Bir neçə abidəsi ona böyük şöhrət qazandırmışdır. Dağıdıcı feodal müharibələri zamanı abidəyə heyran qalan düşmənlər belə ona zərər vurmamışlar. Əcəminin yaratdığı möhtəşəm abidələrdən yalnız ikisi-Möminə Xatun türbəsi və Yusif ibn Küseyir türbəsi barədə məlumat var.
Qeyd etmək lazımdır ki, Yusif ibn Küseyir oğlu saraylarda yüksək vəzifələrdə işləyən şeyxlər şeyxi kimi ali dini mərtəbəyə ucalmış xalq arasında nüfuzlu şəxslərdən biri kimi dərin hörmət qazanmışdır. Ancaq sonrakı əsrlərdə mədəniyyətimizin düşmənləri bu məsələdə də bədxahlıq etmişlər. Azərbaycanın belə böyük memarını onların gözü götürməmişdir.
Xatırladaq ki, “Taraz” jurnalı 1890-cı ildən Tiflisdə Tiqran Nazaryanın redaktorluğu ilə nəşr olunub. Bədii-ədəbi və publisistik xarakter daşıyan illüstrasiyalı jurnal Qafqazın şəhərləri, abidələri və etnoqrafiyasına dair nadir materiallar dərc edib. 1891-ci il 24 fevral tarixli sayında jurnal “Köhnə Naxçıvan yaxınlığında ərəb məzarı” başlığı ilə Yusif ibn Küseyir oğlu türbəsinin qara-ağ təsvirini oxuculara təqdim edib.
Təəssüf ki, həmin dövrdə jurnalın bir çox nömrələrində Azərbaycan şəhərləri və abidələri haqqında vizual materiallar təqdim edilsə də, onlar tez-tez “ərəb” və ya “fars” abidələri kimi yad ünsürlər qismində təqdim olunurdu. XIX əsrin sonlarında Qafqazda nəşr olunan erməni və rusdilli mətbuatda İslam memarlığına belə təhrifedici yanaşma geniş yayılmışdı. Ancaq həqiqəti yalanla gizlətmək mümkün deyil.
Yusif ibn Küseyir oğlu türbəsi-Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır.
Türbə konstruktiv həllinin harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin sərdabəsi yuxarıda yastı olan günbəzlə örtülmüşdür. Türbənin yerüstü hissəsi içəridən çatmatağ şəkilli sferik günbəzlə tamamlanır. Xaricdən prizmatik gövdəyə malik olan türbə səkkiz üzlü piramidal örtüklə tamamlanmışdır. Həm içəridən, həm də xaricdən bişmiş kərpiclə üzlənmişdir. Sərdabənin divarları ilə günbəz arasında kiçik çıxıntılar vardır. Sərdabə günbəzinin təpəsi kəsilmiş səkkizbucaqlı fiqurla tamamlanır. Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır.
Türbənin qülləsi səkkibucaqlı formasında olub künclərdə qalın dayaqlar şəklində işlənmiş, dayaqlar arasında dördkünc formalı taxçalar yaradılmışdır ki, bu da türbənin xarici görünüşünə özünəməxsus görkəm vermişdir. Qülləvari hissənin bu tip konstruktiv həlli onun dayanıqlığını və uzunömürlülüyünü artırmışdır.
Türbənin konstruksiyasında başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artq bir müddətdə salamat qalan tək abidədir.
Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin qərb tərəfə baxan səthi fərqli şəkildə həll edilmiş və burada türbənin giriş qapısı yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapının üzərindəki kitabə bildirir ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur.
Yusif Küseyir oğlu türbəsinin daxili səthi bəzədilməmiş, xarici səthi isə kərpicdən yığılmış sıx həndəsi naxışlarla üzlənmişdir. Türbənin səthləri ilə piramidal örtüyü arasında yaranan qurşaqda kufi xətti ilə yazılmış kitabə yerləşdirilmişdir. Kitabədə türbənin kim tərəfindən tikilməsi haqqında məlumat verilmişdir. Dekorativliyi ilə seçilən bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Kitabənin hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilmişdir. Yazılar friz müstəvisindən 2 sm irəli çıxaraq xüsusi effekt yaratmışdır. Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirmiş, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırmışdır.
Memar Əcəmi türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, burada da yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir.
Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla-keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol kölgə - işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Yusif Küseyr oğlu türbəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmamışdır. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilmişdir. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli ləm, əlif, kəf hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilmişdir. Orta əsrlərdə belə abidələr az-az yaradılırdı. Çünki qiymətli abidələrin yaradılması üçün Əcəmi kimi dahi memarın olması tələb olunurdu. Çox böyük ehtimal var ki, uzun illər Bağdadda yaşayan Əcəmi Naxçıvani orada və daha bir neçə Şərq ölkəsində ya abidələr tikmiş, ya da onların eskizlərini vermişdir. Çünki heç ola bilməz ki, o cür nəhəng memar bütün ömrü boyu yalnız iki adidə tikmiş olsun.
Prezident İlham Əliyevin Sərəncamında Yusif ibn Küseyir oğlu abidəsindən bəhs edilməsi türbənin bədii qiymətinin yüksək olmasından xəbər verir.
UNESCO-nun qərarı ilə Azərbaycan memarlıq sənətinin yaradıcısı olan Əcəmi Naxçıvaninin yubileyi bu il geniş qeyd ediləcək.
Vəli İlyasov, “İki sahil”
Daxili və xarici siyasətimizin aydın təsəvvür tablosu: Ölkə başçısı son müsahibəsində hansı nüanslara toxundu?
Strateji İşçi Qrupu və Strateji Tərəfdaşlıq Xartiyası: Azərbaycan–ABŞ münasibətlərinin yeni institusional mərhələsi