01 yanvar 2026 13:26
87

Rusiya qoşunları Ukraynanın enerji obyektlərinə hücum edib

Yanvarın 1-nə keçən gecə Rusiya qoşunları Volın, Odessa və Çerniqov vilayətlərində enerji obyektlərinə hücum edib. Əhalinin xeyli hissəsi işıqsız qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Rusiya bir gecədə Ukraynanın bir neçə vilayətində enerji obyektlərinə pilotsuz təyyarələrlə hücum edib. Səhərə yaxın Volın və Odessa vilayətlərində xeyli sayda abonent elektriksiz qalıb, Çerniqov vilayətində əlavə fasilələr yaranıb", - deyə məlumatda qeyd edilib. Energetika Nazirliyindən bildirilib ki, qəza-bərpa işləri davam etdirilir və energetiklər enerjinin mümkün qədər tez bərpa olunması üçün çalışırlar.

Hazırda Ukraynanın bütün regionlarında istehlakın məhdudlaşdırılması tədbirləri (sənaye və müəssisələr üçün elektrik enerjisinin məhdudlaşdırılması cədvəlləri, eləcə də istehlakçılar üçün saatlıq fasilələr cədvəli) qüvvədədir.

"Biz istehlakçıları gün ərzində, xüsusən səhər və axşam saatlarında elektrik enerjisindən rasional istifadə etməyə çağırırıq. Bu, sistemə yükü azaltmağa kömək edir", - deyə idarədən bildirilib.

Xatırladaq ki, Yeni il ərəfəsində, yanvarın 1-də Rusiya 205 drondan istifadə edərək Ukraynaya hücum edib. Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın pilotsuz təyyarələrinin əksəriyyətini vurmağa müvəffəq olub.