Bu il Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. Nəticədə etimad quruculuğu istiqamətində praqmatik addımlar atıldı və iki ölkənin vətəndaş cəmiyyətləri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər etdilər. Bu da 44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra Cənubi Qafqazda de-fakto sülhün təmin olunması deməkdir.
Artıq Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi də davam edir. Belə ki, dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ilk dəfə olaraq 22 vaqona yüklənmiş 1220 ton yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Şübhəsiz, bunu gələcək əməkdaşlığın konturu kimi dəyərləndirmək olar.
Rusiya taxılının, Qazaxıstan buğdasının və Azərbaycan istehsalı olan “Aİ-95” markalı benzinin Ermənistan bazarına çatdırılması onu göstərir ki, regionda kommunikasiya xətləri artıq geopolitik təzyiq alətindən daha çox iqtisadi əməkdaşlıq vasitəsinə çevrilir. Etiraf edək ki, bu cür addımlar yaxın vaxtlara qədər mümkün görünmürdü. Lakin rəsmi Bakı bu addımı ilə daha bir mümkünsüzü mümkünə çevirməyi bacardı. Bunu rəsmi Bakı ilə İrəvan arasında iqtisadi yaxınlaşma kimi dəyərləndirmək olar. Şübhəsiz, bu kimi addımlar gələn il iqtisadi normallaşmanın dərinləşəcəyindən xəbər verir.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə Ermənistan və Azərbaycan arasındakı münaqişəni bir gündə həll etdiyini vurğulamaqla yanaşı, artıq iki ölkə arasında ticarət əlaqlərinin də qurulduğunu bildirib. Şübhəsiz, bu, Tramın Cənubi Qafqazda baş verənləri diqqətlə izləməkdə davam etməsinin göstəricidir.
Azərbaycanın heç bir siyasi şərt irəli sürmədən belə addımlar atması bölgədə formalaşmaqda olan sülh gündəliyinə xidmət edir. Bununla Rəsm Bakı bir daha göstərir ki, belə addımlar da siyasi etimad alətidir. Siyasətçilərin fikrincə, sülh məhz bu cür praktik mexanizmlər üzərindən möhkəmlənir.
İnsafən qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi və ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Bu, regionda sülh və sabitliyin bərqərar olması çərçivəsində ilk ən mühüm nailiyyətlərdən biridir". Təəssüf ki, Ermənistanda hələ də bu adi həqiqəti dərk etməyənlər var. Belə ki, radikal müxalif düşərgənin təmsilçiləri, kilsənin nümayəndələri, həmçinin Qərbdəki ermənipərəst dairələr, lobbi qrupları bu iqtisadi əlaqələri özlərinin maraqlarına uyğun şəkildə hallandırırlar. Üstəlik, bütün bunlara görə Paşinyanı açıq şəkildə ittiham etməklə cəmiyyəti revanşa sürükləyirlər. Bununla da nəyin bahasına olursa-olsun sülhə və tərəqqiyə mane olmağa çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir, hətta bütün zəruri addımları atır.
Qvami Məhəbbətoğlu, “İki sahil”