26 dekabr 2025 16:39
97

Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 26-da prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

K.Əliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatıb:

"Bu ilin qeyd olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir".

K.Əliyev Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun roluna da toxunub. O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyini vurğulayıb.

Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Həmçinin çıxışda Baş Prokuror qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalmışdır. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər konfranslar keçirilib.

İclasda həmçinin Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na əlavə və dəyişikliklərin edilməsi, həmçinin "Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi" layihəsinin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununa uyğun olaraq icrası həvalə olunan vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda bir sıra məsələlər üzrə Kollegiyanın qərarı qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prokurorluq orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.