24 dekabr 2025 10:36
148

Dini Komitənin sədri: Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvətdir

Tolerantlıq və multikulturalizm şərəfli keçmiş olduğu qədər, həm də parlaq və firavan gələcəyin zəmanətidir.

“İki sahil” xəbər verir ki,  bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmış yüzlərlə dini qurumun, müxtəlif konfessiyaların bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanın demokratik və tolerant imicini beynəlxalq aləmdə ucaldan mühüm amillərdəndir:

"Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adası kimi təbliği istiqamətində sistemli addımlar atılmış, dünyanın nüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq platformaları yaradılıb".

R.Məmmədov qeyd edib ki, Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvətdir:

"Fəxr edirik ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimiz olduğu qədər, həm də parlaq və firavan gələcəyimizin zəmanətidir. Azərbaycanın qüdrətlənməsi, xalqımızın birliyinin daha da möhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliği naminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvi bütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu və əcdadlarımızdan miras qalan müqəddəs missiyadır".