Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) mütəxəssisləri tərəfindən Qax və Salyan rayonlarında “Üzüm bağlarında quru budama qaydaları” mövzusunda tarla seminarları keçirilib.
“İki sahil” xəbər verir ki, seminarlarda fermerlərə üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlar verilib, məhsulun yüksək keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, fermerlərə üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi, budamanın aparılma vaxtı və qaydaları haqqında tövsiyələr verilib.
Seminarda bildirilib ki, zoğların quru bağlanması tənəyə forma verilməsi həyata keçirilən mühüm əməliyyatlardan biridir. Tənəyə forma verilmə dövründə quru bağlama ştambın şaquli vəziyyətdə durmasını və zoğların düzgün yerləşməsini, habelə məhsuldarlığın artmasını, torpağın becərilməsi işlərinin asanlaşdırılmasını təmin edir. Zoğların məftillər üzərində düzgün yerləşdirilib bağlanması tənəkdə olan polyarlığı məhdudlaşdırır ki, bunun da nəticəsində bir zoğun üzərində gözcükdən əmələ gələn zoğlar eyni bərabərdə inkişaf edir və gözcüklərin açma faizi yüksək olur. Tənəyin quru bağlanması zamanı bar zoğları məftillərin səthi üzərində düzgün yerləşdirilməlidir. Zoğlar məftilə bağlanılmalıdır.
Qeyd olunub ki, tənəyin quru bağlanmasını şirə axımının əvvəlindən başlayaraq tumurcuqlar açılana qədər qurtarmaq lazımdır. Çünki bu dövrdə zoğlar şirə hərəkəti başladığından elastik olur və əyib məftilə bağlayarkən qırılmır. Quru bağlama tumurcuqlar şişən dövrdə aparılmalıdır. Çünki bu zaman gözcüklər qopub tökülə bilər.
Tarla seminarında Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən quru bağlama və tənəyə forma verilməsi prosesi fermerlərə əyani nümayiş olunub.