22 dekabr 2025 14:36
126

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrlərinin təqdimatı olub

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın 2-ci cildinin ingilis və rus dillərində nəşrlərinin Bakı Kitab Mərkəzində təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  BŞİH-in mətbuat xidmətindən bildirilib ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı kitabla bağlı təəssüratlarını bölüşərək, nəşrin əhəmiyyətindən danışıb.

İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov vurğulayıb ki, şanlı Qələbənin qazanılması və sonrakı illərdə ölkədə həyata keçirilən böyük işlər Prezident İlham Əliyevin müdrikliyi, sərkərdəlik qabiliyyəti və sarsılmaz iradəsi sayəsində mümkün olub.

A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr olunmuş və 11 dilə tərcümə edilən ilk kitabın davamı olan ikinci cild müharibədən sonrakı dövrdə Azərbaycanda baş verən mühüm tarixi hadisələri əhatə edir.

Təqdimat mərasimində Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Davud Şeydayev və digərləri çıxışlarında bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Xaricdə təhsil alan azərbaycanlı tələbələr adından çıxış edən gənc fəal Eldar Əzizov vurğulayıb ki, ölkə hüdüdlarından kənarda təhsil alan gənclər Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss edirlər.

Hər iki nəşr müxtəlif xarici ölkələrə, postsovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaq. Bununla da xaricdəki ingilisdilli və rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.