Yeni bir araşdırmaya görə, iqlim dəyişikliyi insanların gecələr normal yuxu almasına mane ola bilər. Alimlər müəyyən ediblər ki, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə gecə saatlarında havanın temperaturunun yüksəlməsi daha qısa yuxu müddəti və aşağı yuxu keyfiyyəti ilə əlaqəlidir.
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin (USC) tədqiqatçıları bildiriblər ki, isti hava bədənin soyuma prosesinə mane olmaq, stress reaksiyasını gücləndirmək, həmçinin dərin yuxu və sürətli göz hərəkəti (REM) mərhələsində yuxunu müxtəlif formalarda poza bilər.
"Environment International" adlı akademik jurnalda dərc olunan nəticələrə görə, gündüz temperaturun hər 10 dərəcə artımı təxminən 2,19 dəqiqəlik, gecə temperaturun eyni dərəcədə artımı isə 2,63 dəqiqəlik yuxu itkisinə səbəb ola bilər. Artan temperatur, həmçinin gecə yuxusunun daha çox bölünməsi və yataqda oyaq qalma müddətinin uzanması ilə bağlıdır.
Tədqiqatın aparıcı müəllifi, Doktor Ciaven Liaonun sözlərinə görə, ekstremal isti hava dalğaları artdığı zaman ürək-damar və tənəffüs xəstəlikləri səbəbindən baş verən ölüm halları da artır. O, vurğulayıb ki, qlobal istiləşmə davam etdikcə bu vəziyyətin ictimai sağlamlıq üçün nə ifadə edəcəyini anlamaq lazımdır.
Araşdırmada 2010-2022-ci illər arasında ABŞ-da yaşayan 14 min 232 yetkin şəxsə aid məlumatlar təhlil edilib. Tədqiqatçılar iştirakçıların demoqrafik, sosial-iqtisadi və tibbi məlumatlarını nəzərdən keçirərək 12 milyondan çox insanın gecə yuxusunun keyfiyyətini qiymətləndiriblər. Eyni zamanda, yuxu mərhələləri və yuxunun nə qədər tez-tez bölündüyünə dair 8 milyon insanın məlumatları analiz edilərək bu göstəricilərin iqlim dəyişiklikləri ilə əlaqəsi araşdırılıb. Nəticələr göstərib ki, mənfi təsirlər xüsusilə qadınlarda, ispan mənşəli şəxslərdə, xroniki xəstəliyi olanlarda və daha aşağı sosial-iqtisadi statusa malik qruplarda daha yüksəkdir.
Alimlər xəbərdarlıq edirlər ki, keyfiyyətsiz yuxu ürək və tənəffüs sistemi xəstəlikləri, həmçinin psixi sağlamlıq problemləri daxil olmaqla çoxsaylı riskləri artırır.
Doktor Liao xəbərdarlıq edib ki, bu rəqəmlər kiçik görünə bilər, lakin milyonlarla insan nəzərə alındıqda ümumi təsir son dərəcə böyükdür: "Bu tədqiqat insanların xəstəlik və hətta ölüm riskini artıra bilən istilik kimi ətraf mühit amillərinin yuxuya necə təsir etdiyini anlamaq üçün mühüm addımdır. Yuxunun keyfiyyətini yaxşılaşdırmaq mümkün olsa, xəstəliklərin qarşısını almaq və həyatları xilas etmək də mümkün ola bilər.”
Şahnigar Əhmədova, "İki sahil"