13 dekabr 2025 20:35
106

“Gələcəyimizi birlikdə qururuq!”

Məktəb-valideyn əməkdaşlığını gücləndirmək, ünsiyyəti artırmaq məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şimal-qərb bölgəsində valideynlərin iştirakı ilə “Gələcəyimizi birlikdə qururuq!” adlı regional konfranslar, panel və müzakirələr təşkil olunub. İlk dəfə keçirilən görüşlərdə 2 min valideynlə canlı söhbətlər, diskussiya və müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki,  görüşün təşkilində məqsəd valideyn-müəllim-şagird üçlüyünün ünsiyyətini artırmaq, əsasən də valideynlərin məktəbə çıxışını asanlaşdırmaqdan ibarətdir. İlk dəfə təşkil edilən müzakirə və panellərə əməkdaşımız da qatılıb, valideynləri dinləyib, rəsmilərin məsələyə münasibətini öyrənib.

Məktəblərdə valideyn-müəllim-şagird münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması, canlı əlaqələrin, birbaşa ünsiyyətin artırılması istiqamətində təşkil edilən növbəti görüşlərdən biri Qax şəhərindəki Namiq Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Görüşdən əvvəl rayonun müxtəlif kənd və qəsəbələrindən gələn valideyn və müəllimlər məktəbdəki STEAM mərkəzi ilə tanış olub, onlara şagirdlər üçün yaradılan şərait barədə məlumat verilib. Gələcəkdə müəllim və məktəblilərin mərkəzə ekskursiyalarının təşkili və müvafiq dərslərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Bir həftə davam edən görüş və panellərdə “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması”, “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması”, “Sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri”, “Uşağın psixoloji və emosional inkişafı”, “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları”, “Tədris motivasiyası və öyrənməyə marağın artırılması” mövzuları əhatə olunub.

Bəs, valideynlərin bu münasibətləri qurması üçün nə kimi təklifləri var? - deyə əməkdaşımız müzakirələrə qatılanlara sual ünvanlayıb. İlisu kənd sakini, valideyn Mehparə Hacıyevanın sözlərinə görə, elə etmək lazımdır ki, valideyn hər zaman məktəbdə iştirak etsin, dərslərə qatılsın. “Valideyn övladının dərsləri ilə mütəmadi maraqlanmalı, əsasən onun sinif rəhbəri, eləcə də fənn müəllimləri ilə maraqlanmalıdır” deyən Mehparə xanım hazırda nəvələrini bu təcrübə əsasında oxutduğunu bildirib.

Müzakirələr zamanı qeyd olunub ki, rəqəmsal texnologiyalar təhsil imkanlarını genişləndirməklə yanaşı, uşaqların emosional və sosial inkişafına təsir edən müəyyən risklər də yaradır. İnternetdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yayılan yanlış informasiyalar, kibertəhlükələr və uşaqların real sosial mühitdən uzaqlaşması valideynlərin xüsusilə diqqət yetirməli olduğu əsas məsələlərdəndir.

Mövzu ilə bağlı Turaclı kənd sakini, valideyn Aytən Kərimovanın da fikirləri maraqlıdır: “Məktəbdə təhsil verənlərə ilk növbədə valideynlər hörmət qoymalıdırlar ki, övladımız da bizə baxıb nümunə götürsün. Məktəbdə müəllimlərlə əlaqəni sıx saxlamalıyıq, ola bilər ki, uşaq məktəbdə olanları gəlib bizə danışmır, hər şeyin yaxşı olduğunu, yaxud da tam əksini deyir. Lakin valideyn məktəbə gələr, dərslərə qatılarsa övladının sinifdə rəftarını, təhsilə yanaşmasını canlı görə və nəticə çıxara bilər”.

“Məktəb-valideyn əməkdaşlığı anlayışı yalnız görüşlərdən ibarət deyil və bu əlaqə qarşılıqlı etimada, açıq kommunikasiya kanallarına və uşağın maraqlarını nəzərə alan birgə strategiyaya əsaslanmalıdır”. Bu fikirlər isə Qax şəhər sakini, valideyn Aytəkin Musayevaya məxsusdur. İşi ilə əlaqədar övladlarının təhsili ilə ancaq onlayn şəkildə maraqlandığını deyən Aytəkin xanım bildirib ki, əksər valideynlər uşaqların telefonlarda nədən istifadə etməsini diqqətdə saxlaya bilmir. Valideyn müəllim-ailə münasibətlərində məhz bu məsələnin hər iki tərəfdən daim diqqətdə saxlanılmasını vacib hesab edir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova bir həftə davam edən və bölgənin bütün rayonlarını əhatə edən görüşlərdə vurğuladığı fikri bir daha təsdiqləyərək bildirib ki, hər bir şagirdin akademik uğurunun arxasında məktəb və valideyn dayanır: “Biz bunu heç vaxt bir-birindən ayıra bilmərik. Düşünürük ki, bu konfranslarımızın valideynlərə kifayət qədər təsiri olacaq. Onların övladlarına daha çox zaman ayıracaqları, təhsillərinə daha çox diqqət yetirəcəkləri qənaətindəyik. Bir həftə boyunca müxtəlif mövzular üzrə ixtisaslı təlimçilər, mütəxəssislər tərəfindən valideynlərlə müzakirələr aparılıb və bu proses məktəblərdə davam etdiriləcək”.

İdarə müdiri onu da əlavə edib ki, görüşlərin nəticəsi olaraq regional təhsil idarəsi tərəfindən anonim sorğu keçiriləcək: “Məqsəd valideyn məmnuniyyətini, onların məktəblə əməkdaşlıqlarını, hansı problemlərlə üzləşdiklərini bir daha təhlil etməkdir. Bu isə nəticə etibarilə valideyn-müəllim-şagird üçlüyünün daha sıx əməkdaşlığına, şagirdin uğur hekayəsinə müsbət təsir edəcək”.