Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi əsasında regionlarda yaradılan idman meydançaları sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, məhəllə infrastrukturunun yenilənməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikasında da “Sağlam məhəllə” layihəsinin icrası ilə bağlı işlər görülməkdədir.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabr ayından etibarən 3 bölgədə — Babək, Culfa və Şahbuz rayonlarında tikinti işlərinə start verilib. Hazırda Babək şəhərinin Heydər Əliyev prospekti, eləcə də Şahbuz şəhər 28 May küçəsindəki seçilmiş ərazilərdə ilkin tikinti işləri aparılıb, Culfa şəhəri Təbriz küçəsindəki ərazidə isə yerin hamarlanması işi görülüb.
Layihəyə əsasən, həmin yerlərdə açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda, trenajor avadanlıqlarından faydalana biləcəklər. Bu da öz növbəsində yaşından asılı olmayaraq sakinlərin bədən tərbiyəsi və idmana təşviqi istiqamətində atılan önəmli addımdır.
Qeyd edək ki, “Sağlam məhəllə” layihəsi çərçivəsində görüləcək işlərin növbəti ilin yanvar ayında yekunlaşdırılması nəzərdə tutulur.
"AnewZ" Ruben Vardanyan haqqında "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib - FOTO