12 dekabr 2025 23:07
177

Səhər içilən qəhvənin zərərli olduğunu bilirdinizmi?

Günə bir fincan qəhvə ilə başlamaq bir çox insanlar üçün adət halını alıb. Lakin yeni araşdırmalar göstərir ki, qəhvə enerjini artırsa da, xroniki ağrıların şiddətlənməsinə səbəb ola bilər.

Polşanın Nikola Kopernik Universitetinin alimləri tərəfindən aparılan tədqiqat yaşlı insanlarda qəhvə istehlakının artmasının daha yüksək ağrı səviyyələri ilə əlaqəli olduğunu üzə çıxarıb.

60-88 yaş aralığındakı 205 sağlam könüllünün iştirakı ilə aparılan və iki il davam edən araşdırmada iştirakçılardan balıq və qəhvə istehlaklarını, həmçinin ağrı səviyyələrini 10 ballıq şkala üzrə mütəmadi olaraq qeyd etmələri xahiş olunub. Nəticələr göstərib ki, qəhvə qəbulunu artıran şəxslərdə, istehlakı azaldanlarla müqayisədə ağrı intensivliyi orta hesabla 6,56 bal yüksəlib. Bunun əksinə, yağlı balıq qəbulunu artıran iştirakçılarda ağrı intensivliyi 4,45 bal azalıb. Tədqiqatçılar bunu balıqdakı omega-3 poli doymamış yağ turşularının iltihabəleyhinə təsiri ilə əlaqələndirirlər.

Müəlliflərin qeyd etdiyinə görə, iki il ərzində daha çox balıq istehlak edən şəxslər digər amillərdən asılı olmayaraq, bu qida növünün qəbulunu azaldan və ya dəyişməyənlərlə müqayisədə ağrı intensivliyində nəzərəçarpan azalma yaşayıblar. Əksinə, qəhvə qəbulunu artıranlar isə ağrı səviyyələrinin daha da yüksəldiyini bildiriblər. Tədqiqatçılar bunun ilkin nəticə olduğunu və bu nəticələrin dəqiq təsdiqi üçün əlavə araşdırmaların vacibliyini də vurğulayıblar.

2020-ci ildə yayımlanan başqa bir araşdırmada isə səhər yeməyindən əvvəl içilən qəhvənin həzm narahatlığına və mədə turşusunun artmasına səbəb ola biləcəyi qeyd olunub.

Bath Universitetinin alimləri müəyyən ediblər ki, bir gecə keyfiyyətsiz yuxu metabolizmə ciddi təsir etmir. Lakin qəhvə qanda şəkərin tənzimlənməsini əhəmiyyətli dərəcədə poza bilər.

Bath Universitetinin Qidalanma, İdman və Metabolizm Mərkəzinin həmsədri, professor Ceyms Bettsin sözlərinə görə, insanların təxminən yarısı səhər yuxudan duran kimi qəhvə içir: "Özümüzü nə qədər yorğun hiss ediriksə, qəhvə bir o qədər cazibədar gəlir. Bu araşdırma mühümdür, çünki indiyə qədər qəhvənin orqanizmə, xüsusilə də metabolizmə və qanda şəkərin səviyyəsinə təsiri haqqında məlumatımız məhdud idi. Sadə dillə desək, xüsusilə də yuxusuz gecələrdən sonra bədənimizin qəbul etdiyi ilk şey qəhvə olduqda qanda şəkər səviyyəsinə nəzarət pozulur. Bu təsiri azaltmaq üçün əvvəlcə bir şey yemək, daha sonra ehtiyac varsa qəhvə içmək daha doğrudur. Bu məlumat ümumi sağlamlığımız üçün əhəmiyyətli faydalar verə bilər.”

Şahnigar Əhmədova, "İki sahil"