12 dekabr 2025 23:58
173

Evdən işləməyin hansı üstünlükləri və çətinlikləri olacaq?

Azərbaycanda əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində növbəti addım atılır. Belə ki, Əmək Məcəlləsinə “məsafədən (distant) iş” anlayışının əlavə olunması nəzərdə tutulur. Bu dəyişiklik, son illər geniş yayılan və bir çox sahələrdə tətbiq olunan evdən iş modelinin hüquqi əsaslara söykənməsini təmin etməyi hədəfləyir.

Təkliflərə əsasən, distant iş əmək funksiyasının iş yerindən kənarda, telekommunikasiya və rəqəmsal vasitələrdən istifadə etməklə yerinə yetirilməsini rəsmən tanıyacaq. Yeni mexanizm işçinin məsafədən fəaliyyət göstərdiyi məkanın əvvəlcədən müəyyən edilməsini və həmin şəraitin əmək təhlükəsizliyi normalarına uyğunluğunu zəruri edəcək. İşəgötürən isə texniki təminat, məlumatların qorunması və əmək mühitinin təhlükəsizliyi ilə bağlı öhdəlik daşıyacaq.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, distant işləmə anlayışı xüsusən 2020-ci ildən sonra xüsusi əhəmiyyət kəsb etməyə başladı: "2020-ci il və sonrakı illərdə həm texnologiyanın sürətlə inkişafı, həm də həmin illərdə pandemiya dövrünün ən kəskin mərhələsinin başlaması bir çox sahələrdə məsafədən işləmə anlayışının geniş və sürətli tətbiqinə gətirib çıxardı. Distant işləmənin bir çox faydaları var və əmək qanunvericiliyində də bunun nəzərə alınması bu sahədə mövcud münasibətlərin tənzimlənməsinə imkan yaradır.

Distant işləmənin üstünlükləri ondan ibarətdir ki, ofisdaxili xərclərdə, nəqliyyat və  ezamiyyət xərclərində azalmalar və əhəmiyyətli qənaət müşahidə olunur. Bununla yanaşı, məsafədən iş imkanının olması ilə daha çox işçi qüvvəsi cəlb etmək mümükündür. Lakin daha çox işçi qüvvəsinin cəlb olunması işçilər arasında rəqabətin artması ilə nəticələnə bilər. Məsafədən işləməyin işçilər üçün vaxt bölgüsündən səmərəli istifadə etmək, yol və yeməkxana xərclərinə qənaət etmək kimi faydaları olacaq. Təbii ki, bu sistemin üstünlükləri ilə yanaşı, çətinlikləri də mövcuddur. Belə ki, data təhlükəsizliyi, informasiyanın ötürülməsi və saxlanılması sahəsində əlavə xərclərin yaranmasına gətirib çıxara bilər."

Xalid Kərimlinin sözlərinə görə, dünya təcrübəsinə, xüsusilə də inkişaf etmiş Qərb ölkələri şirkətlərinin strategiyalarına baxdıqda bir çox şirkətlərin bunu selektiv formada həyata keçirdiklərini və yaxud həm ofisdən, həm də kənardan iş imkanları yaratdıqlarını görmək mümkündür: "Təcrübələr göstərdi ki, ancaq distant iş rejimində işləmək işçilərin məhsuldarlığının və effektivliyinin azalmasına, kollektivlə işləmək bacarıqlarının zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən də şirkətlər texnologiyanın verdiyi geniş imkanlarlardan şirkət daxilində, biznes həllərində istifadəsi ilə yanaşı, işçilərin maraqlarına və iş imkanlarına görə uyğunlaşdırması da vacibdir.

Ümumilikdə distant işin üstünlükləri çoxdur. Lakin tövsiyə olunur ki, sahibkarlar bu kimi qərarları verməzdən əvvəl böyük şirkətlərin təcrübələrindən faydalansınlar. Qeyd etmək lazımdır ki, bir sıra böyük şirkətlər bir neçə il distant iş rejimi sistemi ilə işlədikdən sonra bu sistemin genişlədirilmiş şəkildə qalmasının əleyhinə çıxış edərək qətiyyətlə ona qarşı çıxdılar. Bəziləri isə həftənin müəyyən günlərini məcburi ofis günü, əyani iş günü elan etməklə distant işləmənin mənfi cəhətlərini aşağı salmağa çalışdılar. Distant işləməyin həm işçilər, həm iş yerləri, həm də dövlət üçün müəyyən üstünlükləri olsa da, bu sistemi bütün iş yerlərində tətbiq etmək mümkün deyil. Bu sistemin kənardan işləmək imkanlarına malik olan biznes sahələrində tətbiqi  daha əlverişli olacaq. "

Şahnigar Əhmədova, "İki sahil"