12 dekabr 2025 10:28
133

Peşə təhsilində yeni səhifə…

Müasirlik, inkişaf və yüksək ixtisaslı kadr hazırlığına doğru

Agentlik nümayəndəsi: Məqsədimiz peşə təhsilini gənclər üçün cəlbedici, işəgötürənlər üçün etibarlı əməkdaşlıq platformasına çevirməkdir

Peşə təhsili ölkənin iqtisadi tərəqqisinə real töhfə verən, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayan əsas sahələrdən biridir. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, beynəlxalq tərəfdaşlıqlar, inklüziv təhsil modelləri və regionlarda genişlənən imkanlar bu sahənin dinamik inkişafını şərtləndirən başlıca faktorlardandır.

Prezident İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı isə bu sahədə yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. Sənədə əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilməlidir. Bu da ölkədə peşə təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm stimul olacaq. Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aytən Qurbanovanın “İki sahil”ə müsahibəsində peşə təhsilinin strateji hədəfləri, yenilənən ixtisaslar, regionlarda artan təhsil imkanları, işəgötürənlərlə əməkdaşlıq, inklüziv layihələr və rəqəmsal tədris mühitinin genişləndirilməsi kimi bir çox vacib məqamlardan söz açılır.

-Agentliyin əsas missiyası və strateji prioritetləri hansılardır?

- Əmək bazarının real tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə məktəblərinin rolu danılmazdır. Çünki peşə təhsili gənclərə birbaşa praktik bacarıqlar qazandırır. Nəticədə işəgötürənlər ehtiyac duyduqları kadrları peşə məktəblərindən təmin edə bilirlər.  Ümumiyyətlə, məqsədimiz peşə təhsilini gənclər üçün cəlbedici, valideynlər üçün etibarlı, işəgötürənlər üçün isə real əməkdaşlıq platforması kimi təqdim etməkdir. Bu istiqamətdə gördüyümüz işlərin nəticəsi olaraq son illərdə peşə təhsilinə marağın artdığını müşahidə edirik.

-Regionlarda peşə təhsili imkanlarının genişləndirilməsi hansı nəticələri verib?

 -2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb və 73 bölgədən 27 021 nəfər tələbə qəbul olub.

İlk növbədə, gənclərin və valideynlərin məlumatlandırılmasına xüsusi diqqət ayırırıq. Bunun üçün həm regionlarda, həm də paytaxtda yerləşən peşə təhsili müəssisələrində “Açıq qapı” günləri, ümümtəhsil müəssisələrinə infoturlar təşkil edirik ki, ictimaiyyət təhsil müəssisələrimizin imkanları ilə yaxından tanış olsun. Eyni zamanda, sosial şəbəkələrdə və mediada tələbə və məzunların uğur hekayələrini paylaşırıq. Onların öz təcrübələri peşə təhsilinin nə qədər perspektivli olduğunu daha yaxşı göstərir.

-Müasir əmək bazarının tələblərinə uyğun ixtisasların hazırlanması və kadrların peşə bacarıqlarının artırılması üçün hansı innovativ proqramlar icra olunur?

- Müasir əmək bazarının tələblərinə uyğun ixtisasların hazırlanması və kadrların bacarıqlarının artırılması məqsədilə peşə təhsili müəssisələrində beynəlxalq standartlara əsaslanan innovativ proqramlar icra olunur. 2025–2026-cı tədris ili üçün üç əsas istiqamət üzrə əməkdaşlıq layihələri həyata keçirilmişdir:

İKT – Code Academy ilə:

Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində tələbələr 1 illik ikili diplom modeli üzrə həm dövlət, həm də beynəlxalq sertifikat əldə edir. Proqram qrafik dizayn, İKT və təhlükəsizlik, süni intellekt dəstəkli veb dizayn və proqramlaşdırma modullarını əhatə edir.

Aşpazlıq – CASA ilə:

Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aşpazlıq ixtisasında müasir tədris metodları tətbiq olunur və tələbələr real iş mühitində praktik təcrübə qazanırlar. Proqramı bitirənlər dövlət diplomu ilə yanaşı, peşə sertifikatı da əldə edirlər.

Mühasibatlıq – İMZA Group ilə:

Mühasibat uçotu üzrə yüksək texniki peşə təhsili proqramı ACCA F1–F3 sertifikatlarına uyğunlaşdırılıb. Proqram məzunlara həm dövlət diplomu, həm də beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim edir.

Peşə məktəblərinin infrastrukturunun yenilənməsi də innovativ tədris mühitinin əsas hissəsidir. Müasir laboratoriyalar, STEAM mərkəzləri, texniki emalatxanalar, avtotəmir sahələri və kənd təsərrüfatı təcrübə fermaları ilə təchiz olunmuş Bərdə, Cəlilabad və Bakı Peşə Təhsil mərkəzləri bu baxımdan nümunəvi sayılır. Əmək bazarının tələblərinə uyğun olaraq hər il təxminən 15 yeni ixtisas təsdiqlənir. Yeni ixtisasların siyahısı iqtisadiyyatın inkişaf istiqamətləri və işəgötürənlərin ehtiyaclarına əsasən yenilənir ki, bu da tələbələrin gələcəyin peşələrinə sistemli şəkildə hazırlanmasını təmin edir.

-Agentliyin gənclərin məşğulluğuna və praktiki bacarıqlarının artırılmasına yönəlmiş agentlik layihələrindən nümunələr göstərə bilərsinizmi?

- Peşə təhsil müəssisələri ilə işəgötürənlər və sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə əmək bazarının tələblərinə uyğun bacarıqların təbliği məqsədilə Bakıda və Bərdə rayonunda "Bir Peşənin Sirri" festivalları keçirilmişdir.Proqram çərçivəsində ustad dərsləri, peşəkar karyera məsləhəti sessiyaları, maarifləndirici təqdimatlar, oyunlar, viktorinalar və bədii kompozisiyalar, həmçinin STEAM sahəsinə aid təqdimatlar təşkil olunmuşdur.

Peşə təhsil müəssisələri ilə işəgötürənlər və sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə gənclərin karyera yönümlü maarifləndirilməsi və əmək bazarına inteqrasiyası məqsədilə  20 iyul 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi “Green Tech” MMC ilə birgə dövlət–özəl tərəfdaşlığı çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və Peşə İmkanları Günü” adlı tədbir təşkil etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən müxtəlif regionlarda keçirilən 20 "Aqrar Biznes Festivalı”nda peşə təhsili müəssisələrinin müəllim və tələbələri iştirak etmişlər.

- Əlilliyi olan şəxslər və sosial həssas qruplar üçün yaradılan inklüziv imkanlar barədə nə deyə bilərsiniz?

-Müasir dövrdə inklüzivlik təhsil sistemlərinin əsas inkişaf meyarlarından birinə çevrilmişdir. Hər bir cəmiyyətin sosial rifahının və bərabərlik siyasətinin göstəricisi hesab olunan inklüziv təhsil əlilliyi olan şəxslərin və sosial risk qruplarının təhsil imkanlarına bərabər çıxışını təmin etməyi hədəfləyir. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılmaqda, xüsusilə peşə təhsili sahəsində inklüziv yanaşma prioritet istiqamət kimi inkişaf etdirilməkdədir. Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə peşə təhsilinin modernləşdirilməsi ilə yanaşı, müxtəlif həssas qrupların əmək bazarına inteqrasiya olunmasını dəstəkləyən inklüziv layihələr həyata keçirir. Belə ki,  inklüzivliyin artırılması və təşviq edilməsi məqsədilə təlim proqramı həyata keçirilib. Təlim proqramında peşə təhsili müəssisələrində fəaliyyət göstərən 40 nəfər təhsilverən və 20 nəfər rəhbər heyət iştirak edib. Altı gün davam edən təlim sessiyaları iki gün onlayn, dörd gün isə əyani olmaqla hibrid formatda təşkil olunub. Bu layihələr həm tədris mühitinin əlçatanlaşdırılmasını, həm də həmin qrupların real bacarıqlara yiyələnərək iqtisadi və sosial həyatda aktiv iştirakını təmin etməyi qarşıya məqsəd qoyur. Nəticə etibarilə inklüziv peşə təhsili yalnız sosial müdafiə tədbiri deyil, həm də insan kapitalının gücləndirilməsi və əmək bazarının dayanıqlı inkişafı üçün mühüm strategiya kimi dəyərləndirilir.

-İşəgötürənlərlə əməkdaşlıq və təcrübə proqramları peşə təhsilində hansı rol oynayır?

-Bizim üçün işəgötürənlərlə əməkdaşlıq da prioritetdir. Şirkətlərlə birlikdə tələbələrimiz üçün praktiki təcrübə imkanları yaradılır və bu da onların məzun olduqdan sonra əmək bazarına daha asan daxil olmalarına şərait yaradır. Beynəlxalq tərəfdaşlıqlar da nüfuzun artırılmasında mühüm rol oynayır. Müxtəlif ölkələrin qabaqcıl təcrübələrini öyrənir, birgə layihələr həyata keçiririk. Bununla da gənclərə yalnız yerli deyil, qlobal əmək bazarında da rəqabət qabiliyyətli olmaq imkanı veririk.

-Peşə təhsili müəssisələrində rəqəmsallaşma və innovativ tədris texnologiyalarının tətbiqi hansı üstünlüklər yaradır?

-Peşə təhsili müəssisələrində innovativ texnologiyaların tətbiqi və rəqəmsal öyrənmə vasitələrinin istifadəsi tədris prosesində bir sıra mühüm nəticələr verir. Bu yanaşma, ilk növbədə, təlim-tədrisin keyfiyyətini yüksəldir, tələbələrin fərdi öyrənmə imkanlarını genişləndirir və onların müasir əmək bazarına hazırlığını təmin edir. Belə ki, tədris prosesində interaktivlik artır, dərslər daha vizual, dinamik və cəlbedici olur, tələbələr müstəqil öyrənmə, rəqəmsal bacarıqlar və informasiya texnologiyalarından effektiv istifadə vərdişləri qazanırlar, virtual laboratoriyalar, simulyasiya proqramları və onlayn platformalar sayəsində praktiki bacarıqlar daha əlçatan olur və tədris materiallarının rəqəmsal mühitdə toplanması və paylaşılması biliklərin daha səmərəli mənimsənilməsini təmin edir.

Agentliyin dəstəyi ilə təhsilverənlər üçün müasir rəqəmsal alətlərin istifadəsi üzrə ixtisasartırma və metodiki təlimlər, beynəlxalq təlimlər mütəmadi keçirilir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, ən son texnologiyalarla təchiz olunmuş laboratoriyalar, kompüter otaqları və tədris avadanlıqları yaradılır. O cümlədən müxtəlif layihələr çərçivəsində rəqəmsal platformalar (elektron resurs bazalar) tətbiq olunaraq müəllim və tələbələrə texniki dəstək göstərilir və resurslardan istifadədə metodiki köməklik edilir. İnnovativ texnologiyaların və rəqəmsal öyrənmə vasitələrinin tətbiqi, eyni zamanda, maddi-texniki bazanın gücləndirilməsi peşə təhsilinin keyfiyyətini yüksəldir, tədris prosesini daha çevik və müasir edir. Agentliyin göstərdiyi sistemli dəstək isə həm müəllimlərin peşəkarlığının, həm də tələbələrin rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”