10 dekabr 2025 01:30
112

Uşaqlar və sosial media: Təhlükədən necə qorunaq?

Türkiyə hökuməti uşaqları rəqəmsal və sosial media platformalarının potensial zərərlərindən qorumaq məqsədilə yeni müdafiə mexanizmi hazırlayır. Yeni qaydalara əsasən, sosial şəbəkələr və onlayn oyun platformaları 15 yaşından kiçik istifadəçilərə xidmət göstərməyəcək. Qanuna zidd addım atan şirkətlərə cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.

Valideyn nəzarəti gücləndiriləcək

Uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə valideynlər üçün daha güclü  nəzarət mexanizmləri istifadəyə veriləcək. Zərərli məzmunların və reklamların qarşısını almaq üçün effektiv filtrasiya sistemləri qurulacaq.

Məzmun dərhal silinəcək

Qanunsuz, uşaqlar üçün zərərli və zorakılıq ehtiva edən paylaşımlar məhkəmə qərarı gözlənilmədən, platformalar tərəfindən təcili şəkildə silinəcək. Beləliklə, platformaların öz-özünə tənzimlənməsi ilə zərərli məzmunun geniş yayılmasının qarşısı alınmış olacaq. Platformalar zərərli, qanunsuz və zorakı məzmunla bağlı riskləri əvvəlcədən qiymətləndirəcəklər və belə paylaşımların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcəklər.

Şəffaflıq təmin olunacaq

Sosial şəbəkə və oyun platformaları mütəmadi hesabatlar təqdim edəcəklər. Hesabatlarda avtomatik moderasiya sistemlərinin səhv nisbətləri, risk qiymətləndirmələri və platformanın təhlükəsizlik dizaynı barədə məlumatlar yer alacaq. Sənədlər əvvəlcə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək, daha sonra ictimaiyyət üçün açıqlanacaq.

Oyun platformalarına yaş məhdudiyyəti

50 milyon istifadəçisi olan və milyardlarla dəyərə malik oyun sektoru da qanun çərçivəsinə salınır. Yeni qərara əsasən, platformalar yaş kateqoriyaları təyin etməli olacaqlar. 13 yaşdan aşağı uşaqlar yalnız qanuni qəyyumlarının razılığı ilə qeydiyyatdan keçə biləcək. Oyun distribyutorları valideyn nəzarəti üçün istifadəsi asan və anlaşılan alətlər təmin edəcəklər.

Zərərli məzmun anlayışı yenidən müəyyənləşdiriləcək

Uşaqlar üçün təhlükəli ola biləcək məzmunların müəyyənləşdirilməsi, qarşısının alınması və yayıldıqdan sonra bloklanması üçün hüquqi baza yaradılacaq.

7/24 şikayət sistemi

Yanlış məlumatlar, qanunsuz və zərərli məzmunlarla bağlı 24 saat əlçatan, sürətli işləyən şikayət mexanizmi qurulacaq.

Cəzalar sərtləşəcək

Qanunun tələblərini yerinə yetirməyən platformalara maliyyə sanksiyaları, rəqəmsal platformalara və internet xidmətlərinə texniki məhdudlaşdırma və ağır hallarda tam bloklanma kimi mərhələli cəzalar tətbiq olunacaq. Eyni zamanda, uşaqların məlumatlarının qorunması üçün yeni hüquqi çərçivə yaradılacaq.

Beynəlxalq təcrübə

Avstraliyada 16 yaşdan aşağı uşaqların hesabları bağlanır

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun qüvvəyə minməyə hazırlaşarkən, ABŞ-ın texnologiya şirkəti "Meta" "Facebook" və "Instagram" platformalarında təxminən yarım milyon hesabı bağlamağa başlayıb. Ölkənin Rabitə naziri Anika Wells mövcud hesabların yaş təsdiqi sistemindən keçməsinin vaxt alacağını, lakin qərardan geri dönülməyəcəyini vurğulayıb. "Meta"nın rəsmi nümayəndəsi bildirib ki, yetkinlik yaşına çatmayan istifadəçilər platformadakı məlumatlarını yükləyə və 16 yaşa çatdıqda hesablarını yenidən aktivləşdirə biləcəklər.

"Roblox" Rusiyada qadağan edildi

Söhbət otaqları və məzmun nəzarəti ilə bağlı uzun müddətdir müzakirə mövzusu olan "Roblox" onlayn video-oyunu bu dəfə Rusiyada qadağan olunub. Qərarın səbəbi kimi platformada ekstremizm, zorakılıq çağırışları, qanunsuz davranışları təşviq edən oyun mexanikası və uşaqlara uyğun olmayan məzmunların yayılması göstərilib.

Şahnigar Əhmədova, "İki sahil"