10 dekabr 2025 00:15
101

55 il yaşasa da...

Akademik Yusif Məmmədəliyevə niyə Nobel Mükafatı verilmədi?

Bu günlərdə 120 illiyini qürurla qeyd etdiyimiz akademik Yusif Məmmədəliyev hər alimin keçə bilmədiyi çətin və şərəfli bir yol keçib. Qırx yaşında akademik elmi rütbəsinə layiq görülüb. Cəmi 55 il yaşasa da elm tarixində əbədilik qalıb.

Yusif Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində ziyalı ailədə dünyaya gəlib.  Atası Hacı Heydər Məmmədəliyev dindar olsa da gələcəyi görən, geniş dünyagörüşə malik ziyalı bir şəxs idi. Hacı Heydər övladlarına elmli və savad­lı­ olmağın üstünlüklərini başa salır, onları elmə, biliyə həvəsləndirir, uşaqlarını bu ruhda tərbi­yə edir və bunun üçün əlindən gələni əsirgəmirdi.

Yusuf Məmmədəliyevin anası Gülsüm xanım evdar qadın olsa da ziyalı idi. Gülsüm xanım şəxsi mütaliə yolu ilə Şərq poeziyasının görkəmli nümayəndələrinin əsərlərini öyrənmişdi. O, Şərq şairlərinin şeirlərini, Azərbaycanın folklor nümunələrini, xüsusilə xalq nağıllarını və rəvayətlərini övladlarına oxuyarmış. Yusif məhz belə bir ailədə yetişmiş, elmin ən yüksək pilləsinə yüksəlmişdir.

Ailədə kitaba məhəbbət uşaqlarda hələ lap kiçik yaşlarında yaranmışdı. Bunu 1917-ci ildə Ordubadda çəkilmiş ailə fotosundan da görmək olar. Bu nadir fotoda Hacı Hey­dər Məmmədəliyevin övladlarının hər birinin əlində kitab var.

Yusuf Məmmədəliyev kiçik yaşlarından əldə etdiyi bütün kitabları oxumaqla təhsilini artırmağa çalışıb. Əylis kəndində sonralar Naxçıvan MSSR-in maarif komissarı olan Mirzə Əbdülvahab Həsənzadə adlı bir müəllimin yaşadığını eşidən  Hacı Heydər onun yanına gedərək xahiş edib ki, oxumaq üçün kitablarından versin. Təcrübəli müəllim Mirzə Əbdülvahab kiçik Yusifin biliyə, öyrənməyə həvəsini görüb onun istedadına və böyük gələcə­yinə inanaraq istədiyi kitabları məmnuniyyətlə verib. Yusif bu xeyirxah insanı həmişə böyük minnətdarlıqla xatır­layırdı.

Yusuf Məmmədəliyev 15 yaşında Sədi, Hafiz, Nizami, Xaqani, Füzuli, Firdovsi və Xəyyamın əsərlərini oxuyub, Ordubadda “Əncüməni-şüəra” məclislərinin yığıncaqlarında iştirak edib. O, rus, ingilis, alman və fars dillərini öyrənmişdi və bu dillərdə sərbəst danışa bilirdi. İki il Təbrizdə yaşayan Yusif orada Şərq klassiklərinin əsərləri ilə əhatəli şəkildə tanış olmuşdu. Orta təhsil aldıqdan sonra 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Lakin biliyini daha da artırmaq üçün arzusunda olduğu Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirib. Elmi fəaliyyəti kimya, neft kimyası üzrə idi.  1942-ci ildə alimlik dissertasiyasını uğurla müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 1945-də akademik seçilmiş, iki dəfə-1947-1950 və 1958-1961-ci illərdə isə Azərbaycan SSR EA-nın prezidenti olmuş, neft kimyası sahəsində mühüm elmi nailiyyətlər qazanmışdır. Alim keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

II Dünya müharibəsi illərində qırıcı təyyarələr üçün yüksək oktanlı benzinin, partlayıcı maddələrin və bir sıra elmi kəşflərin müəllifi olmuşdu. Onun kəşfləri SSRİ-nin faşizm üzərindəki qələbəsini xeyli asanlaşdırmışdır. Səmərəli xidmətləri “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenlərinə və “Stalin mükafatı”na və s. layiq görülmüşdür.

Bu gün mətbuatda ən çox yayılan bir məsələ gündəmdə əsas yer tutur. Akademik Yusif Məmmədəliyevə bu qədər qiymətli elmi kəşflərinə görə niyə Nobel Mükafatı verilməyib?

Əvvəla onu qeyd etməliyik ki, Nobel Komitəsinin Nizamnaməsinə zidd olaraq mükafata namizədliklə bağlı təklif­lər Sovet İttifaqı Kommunist Partiyasının ciddi nəzarətində idi. Buna görə də Yusif Məmmədəliyevin Nobel Mükafatına namizədliyi 1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Hey­ətinin iclasında müzakirə olundu. Əksəriyyət, o cümlədən Baş katib Nikita Xruşşov, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzv­ləri və hətta üzvlüyə namizədlər elm və texnika sahəsində misilsiz xidmətləri və kəşfləri olan Yusif Məmməd­əliyevin sənədlərinin Nobel Komi­təsinə təqdim olunmasına razılıq verirlər. Amma iclas iştirakçılarından biri akademikin kəşfləri haqqında materialların guya dövləti və hərbi sirr olduğu, buna görə də onun Nobel Mükafatına irəli sürülməsinin ölkənin mənafeyinə xələl gətirə biləcəyi qeyd edilən məktubu ucadan oxuyur. Məktub müəllifi israrla təkid edirdi bu kəşflər haqqındakı məlumatları Nobel Komitəsinə vermək olmaz. Orada iştirak edən marşallar İvan Baqramyan və Hamazasp Babacanyan bu kəşflərin dövlət və hərbi sirr olduğunu bəhanə gətirərək Nobel Komitəsinə göndərilməsinin əleyhinə çıxırlar. Əslində Yusif Məmmədəliyevin kəşflərinin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələrin açıq mətbuatda, xüsusi elmi jurnallarda, o cümlədən xarici ölkələrin nəşrlərində və alimin öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi məlum idi. ABŞ-ın “Neft texno­logiyalarının icmalı”-“Reviews of petroleum technology” jurnalı hələ 1946-cı ildə yazırdı: “Yusuf Məmmədəliyevin təd­qiqatları böyük əhəmiyyətə malik­dir və elmin bu sahəsinin nəzəri məsələlə­rinin öyrənilməsində onun “Avia­si­ya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları” monoqrafiyası xü­su­si maraq doğurur”.

Sözügedən iclasda çıxış edən SSRİ Nazirlər Soveti sədrinin birinci müa­vini Anastas Mikoyan məktub müəllifinin hərbi sirlə bağlı “arqumentlərinə” ehtiyatla ya­naş­mağı məsləhət görür... Beləliklə, üç yüksək vəzifəli erməni istedadlı alimin haqqı olan Nobel Mükafatının qarşısına sədd çəkir.

Nobel Mükafatı laureatı olmağın itirilmiş şansı Yusif Məmməd­əliye­vi kədərləndirmirdi. Onu şəxsi şöhrət məsələləri deyil, potensiyasını sərf etdiyi kimya elminin inkişafı daha çox maraq­landırırdı. Yeri gəlmişkən, unutmayaq ki, Nobel kapitalı Bakı nefti hesabına qazanılmışdı. Bakı neftinin şöhrətini dünyaya tanıdan Yusuf Məmmədəliyevə isə bu mükafat qərəzli olaraq verilmədi.

Yusif Məmmədəliyevin bəşər elminə verdiyi töhfələr dünyanın ən mötəbər mükafatlarına layiqdir. Ən alisi isə xalqının ona son­suz məhəbbəti və ehtiramıdır ki, bu mükafatı hələ sağlığında qazana bilmişdi.

SSRİ-nin faşizm üzərində qələbəsinin 70 illik yubileyi ilində böyük alimin tarixi xidmətləri xüsusilə qeyd olundu. Yusuf Məmmədəliyev tərəfindən hərbi aviasiya üçün yüksək oktanlı aviasiya yanacağının işlənib hazırlanması və müharibə şəraitində çox qısa bir müddətdə istehsalata tətbiq edilməsi qələbədə həlledici rol oynayıb. Mühüm hərbi əhəmiyyətə malik partlayıcı maddə trotilin alınması üçün əsas olan toluolun istehsalı texnologiyası, zirehli döyüş maşınlarını sıradan çıxarmaq üçün istifadə olunan “Molotov kokteyli” adı altında tanınmış tank əleyhinə yandırıcı silahın yaradılması Yusuf Məmmədəliyevin qələbəyə verdiyi töhfələrdir. Bəs yeni güclü silah niyə “Molotov kokteyli” adlandırılırdı?

1941-ci ildə İngiltərənin Baş naziri Uinston Çörçill SSRİ xarici işlər naziri Vyaçeslav Molotovla görüşərkən Molotov özü ilə götürdüyü butulkanı Baş nazirə təqdim edərək onun əl qumbarasından daha güclü silah olduğunu bildirir. Maraqlanan Çörçill onu “Molotov kokteyli” adlandırır və indi də haqsız olaraq bütün dünyada, o cümlədən də Rusiya ordusunda belə adlanır.

Xatırladaq ki,1945-ci ildə Moskvada Qızıl Meydanda keçirilən faşizm üzərində Qələbə Paradında Yusuf Məmmədəliyev də iştirak edib. SSRİ rəhbəri İosif Stalinin olduğu əsas tribunada yer alan Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi ilə birlikdə paradı qəbul edənlər sırasında dayanıb. O zaman möcüzəyə bənzər belə ehtiram hər alimə göstərilmirdi.

Dünyaca məşhur imyaçı alim Yusif Məmmədəliyev 1959-cu ildə özünün yaratdığı Neft-Kimya Prosesləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində də çalışıb. 1962-ci ildə, ölümündən bir il sonra elmi-tədqiqat institutna Yusif Məmmədəliyevin adı verilib. Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri olan Yusif Məmmədəliyev neft kimyasının əsasını qoyub.

Şöhrətli akademik həm də Vətənini, xalqını sevən bir insan idi. Moskvada ona qalıb işləmək təklifini qəbul etməyib Azərbaycana qayıtmışdı. Gənclərin təhsilinə, kasıb ailədən olan tələbələrin həyat şəraitinin normallaşmasına şəxsi köməyini əsirgəmirdi. Onlarla tələbəyə təmənnasız yardım edən akademik bunları vətəndaşlıq borcu hesab edirdi. Diqqəti daim istedadlı tələbələrin üzərində olardı. Xeyirxah akademik həmin tələbələrə elm sahəsinə getməyi məsləhət görürdü. Onların əksəri sonradan tanınmış alim olmuşdular. Ümumiyyətlə, işıqlı alimimiz milli kadrların yetişdirilməsinə böyük önəm verirdi.

Böyük alim 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Elmi tədqiqatlarının nəticələri 936 elmi və publisistik əsərdə, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bütün bunlarla bərabər, Yusif Məmmədəliyev 12 elmlər doktoru, 29 fəlsəfə doktoru hazırlamışdır.

O, 1961-ci il dekabrın 15-də Bakıda  xəstəxanada əməliyyat olunduqdan sonra müəmmalı şəkildə vəfat edib.

Vəli İlyasov, “İki sahil”