07 dekabr 2025 21:19
137

BDU-nun dosenti Qismət Davudov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov vəfat edib.

“İki sahil” xəbər verir ki,  Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub. 1991-ci ildə Xaçmaz şəhər 45 saylı dəmiryol məktəbini bitirib. 1985-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin əyani şöbəsinin Azərbaycan bölməsində təhsil alıb. 2006-cı ildə “XIX əsrin birinci otuzilliyində İran-Rusiya münasibətləri İran tarixşünaslığında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 

O, 1990-cı ildə Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilib. 1992-ci ildə həmin kafedrada müəllim, 1995-ci ildə baş müəllim vəzifəsinə seçilib. İndiyədək kafedranın dosenti kimi fəaliyyət göstərib.

Qismət Davudovun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.

BDU rəhbərliyi və kollektivi dosent Qismət Davudovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!