07 dekabr 2025 12:30
118

FHN Biləsuvardakı yol qəzası ilə bağlı MƏLUMAT YAYDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cənub-Muğan su kanalının Biləsuvar rayonu, Zəhmətabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.