06 dekabr 2025 13:53
99

Gənc memarların ən yaxşı diplom layihələri mükafatlandırıldı

Dekabrın 6-da Memarlar İttifaqında “Memarlığın gələcəyi – 2025”in ən yaxşı diplom layihələri müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə müsabiqənin keçirilməsi ideyası barədə danışıb. Sonra müsabiqənin münsiflər heyətinin sədri, “Bakıdövlətlayihə” institutunun direktor müavini Elçin Umudov təqdim olunan işlərdən söz açıb.

Sonra qaliblərin adları açıqlanıb:

Birinci yer - Bakı şəhəri, Keşlə qəsəbəsi Heydər Əliyev prospektinin kəsişməsində "Xəstəxana" layihəsinə görə Yusifli Elgün (1000 AZN pul mükafatı və fəxri diplom);

İkinci yer- A.Şaiq və S.Rəhimov küçələrinin kəsişməsində yerləşən Çoxfunksiyalı Gənclər Mərkəzi layihəsinə görə İnci İbadova (750 AZN pul mükafatı və fəxri diplom);

Üçüncü yer- “Conceptual Design for the Restoration of Askeran Fortress, Khojaly District” layihəsinə görə Aliyə Aslanova (500 AZN pul mükafatı və fəxri diplom).

Eyni zamanda, “El&En” memarlıq şirkətinin prezidenti Elbay Qasımzadə, “Azərdövlətlayihə” dövlət layihə institutunun direktoru Müsədin Namazov və “Nani Zhgenti Proyect” MMC-nin direktoru Nani Jqenti seçdikləri layihələrin müəlliflərinə xüsusi həvəsləndirici mükafatlar və diplomlar təqdim ediblər.

Müsabiqənin bütün digər iştirakçılarına sertifikatlar təqdim edilib.