04 dekabr 2025 19:25
64

Antoniu Koşta: Qafqazda sülh Trans-Xəzər marşrutunun inkişafına yol açır

Son on il ərzində Avropa İttifaqı Qazaxıstan üçün ən böyük ticarət tərəfdaşına və xarici investora çevrilib.

“İki sahil” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Astanada Prezident Kasım-Jomart Tokayevlə danışıqlar zamanı söyləyib.

“Neft və uran tədarükündə üçüncü yerə yüksələn Qazaxıstan eyni zamanda Avropanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Aydındır ki, bu gün münasibətlərimizin möhkəmlənməsi və iqtisadi əlaqələrimizin genişlənməsi baxımından yeni mərhələyə qədəm qoyuruq”, – deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

A. Koştanın sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq müasir çoxtərəfli dünyada münasibətlərin inkişafında və praktik irəliləyişində mühüm elementdir.

Bu kontekstdə o, Kasım-Jomart Tokayevin Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirib. A. Koştanın fikrincə, regionun təhlükəsizliyinin təmin olunması Trans-Xəzər marşrutunun inkişafı üçün yeni imkanlar açır, bu marşrut Avropanı Qafqaz və Qara dəniz üzərindən birləşdirəcək.