04 dekabr 2025 13:47
125

Dünyada uşaq ölümü XXI əsrdə ilk dəfə artacaq

Beş yaşına qədər ölən uşaqların sayı 2000-ci ildən bəri ilk dəfə artacaq. Səbəb — yüksək gəlirli ölkələrin səhiyyə ehtiyaclarının maliyyələşdirilməsini azaltmasıdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Bill və Melinda Qeyts Fondunun yeni hesabatında qeyd olunur ki, bu il uşaq ölümlərinin sayı ötən illə müqayisədə 200 min daha çox olacaq və 4,8 milyon nəfərə çatacaq.

Hesabatın müəlliflərinin qeyd etdiyinə görə, 2000-ci ildən bəri inkişaf etmiş ölkələrin ilk növbədə Afrika ölkələrində vaksinasiya və səhiyyənin qorunması proqramlarına yatırdığı investisiyalar sayəsində uşaq ölümü sabit şəkildə azalırdı. Belə ki, 2000–2024-cü illərdə uşaq ölümlərinin sayını demək olar ki, iki dəfə azaltmaq mümkün olub — 4,6 milyonadək. Lakin 2025-ci ildə bu proqramlara yatırılan vəsait təxminən 27% azalıb. Hesabatda qeyd edilir ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və bəzi digər ölkələr investisiyaları əhəmiyyətli dərəcədə ixtisar ediblər. Ən ciddi ixtisarları isə ABŞ edib. Xüsusilə, ABŞ artıq 2000-ci ildən bəri 1,2 milyon uşağı vaksinasiya edən və öz hesablamalarına görə 20 milyondan çox ölümü önləyən Qlobal Vaksin və İmmunizasiya Alyansına (GAVI) vəsait ayırmır.

Qeyts Fondunun hesablamalarına görə, əgər maliyyələşmənin azalması 20% səviyyəsində qalsa, onda 2045-ci ilə qədər dünyada uşaq ölümlərinin sayı 12 milyon olacaq. Əgər azalma 30%-ə çatsa, bu göstərici ildə 16 milyona yüksələcək. Fondun rəhbəri Mark Suzmanın sözlərinə görə, hər bir uşaq üçün ildə cəmi 100 dollar ilkin tibbi-sanitar yardıma, o cümlədən vaksinasiya üçün xərcləməklə uşaq ölümünü 90% azaltmaq mümkün olardı.