02 dekabr 2025 19:59
124

BƏƏ şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrində aparıcı investor qismində çıxış edirlər

Azərbaycanda bərpa olunan enerji layihələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) şirkətləri ölkə üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Günü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O qeyd edib ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir:

"Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir.

Cari ilin sentyabr ayında Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfəri dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb".

Nazir vurğulayıb ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəlik zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlıq müşahidə edilir:

"Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək.

Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.

İnvestisiya sahəsində əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik".

M. Cabbarov onu da diqqətə çatdırıb ki, istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib:

"Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə "Masdar" şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir".