Növbəti il Dövlət Neft Fondundan dövlət büdcəsinə olan transfertlərin məbləği təqribən 1 milyard dollar azaldılacaq. 2029-cu illə bağlı plan isə bu məbləğin əlavə olaraq 1,5 milyard dollar azaldılması və yekunda 2029-cu ildə transfertin məbləğinin 6 milyard dollara qədər azaldılmasıdır.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında deyib.
“Eyni zamanda, çox önəmli bir göstərici hesab etdiyimiz dövlət büdcəsinin əksər müdafiə olunan xərclərinin cəmləndiyi cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə səviyyəsidir. Bu rəqəmi də növbəti il biz 88 faizə çatdıra biləcəyik. Yəni, cari il proqnozu ilə müqayisədə burada da 7 faizlik artımımız olacaq. 2029-cu il proqnozu isə bu rəqəmin 100 faizə çatdırılmasıdır. Bu da Azərbaycanın dövlət büdcəsinin müdafiə olunan xərclərinin məhz qeyri-neft gəlirləri hesabına tam şəkildə bağlanacağının göstəricisidir”, - deyə nazir vurğulayıb.
Sahil Babayev neftin qiyməti ilə bağlı proqnozlar gəlincə bildirib ki, cari ilin onaylıq göstəricilərinə görə orta rəqəm 72 dolların üzərində olub: “Növbəti il üçün isə bu göstərici 65 dollar olaraq müəyyən olub. Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən rəqəmlərin, proqnozların əsasında formalaşıb”.