02 dekabr 2025 11:10
194

Min bir dərdin dərmanı

Qan şəkərini tənzimləyən və beyin hüceyrələrini qoruyan ədviyyat

Qış aylarında isti çaylardan tutmuş ədviyyatli yeməklərə qədər zəncəfil uzun illərdir mətbəxin ayrılmaz hissəsidir. Amma kulinariyadakı dəyərindən kənar, bu ədviyyatın ənənəvi təbabətdə də zəngin bir tarixi var və müasir elm bu bilikləri təsdiqləməyə başlayır.

Araşdırmalar göstərir ki, zəncəfil ürəkbulanmanı azaltmaqdan və soyuqdəyməni yüngülləşdirməkdən tutmuş iltihabı azaltmağa və ürək sağlamlığını dəstəkləməyə qədər geniş faydalar təşkil edə bilər.

Zəncəfil haqqında bilməli olduqlarınız:

Ürəkbulanmanın azaldılması

Bir çox klinik tədqiqatlar zəncəfilin ürəkbulanmanı və qusmaları, xüsusilə də plaseboya nisbətən daha effektiv azaltdığını təsdiqləyib. Hətta Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) də ürəkbulanmanın yüngülləşdirilməsi üçün zəncəfil tərkibli qidaları və çayları tövsiyə edir.

Zəncəfil xüsusilə hamiləlik dövründə yaranan ürəkbulanma üçün təsirli hesab olunur. Kiçik dozada qəbul edildikdə, standart müalicələrə yaxşı cavab verməyən insanlar üçün təhlükəsiz və effektiv variantdır.

Davam edən xəstəliklər və əməliyyatdan sonrakı ürəkbulanmalar ilə bağlı nəticələr qarışıq olsa da, zəncəfilin kimyaterapiyadan sonra yaranan ürəkbulanmanın azaldılmasında da ümidverici nəticələri var. Tədqiqatçılar zəncəfilin ürəkbulanmasına qarşı təsirlərinin serotonin reseptorlarını blok edərək və həm bağırsaq, həm də beyin üzərində təsir göstərərək işə yaraya biləcəyinə inanırlar. Zəncəfil, həmçinin köp və şişkinliyin azalmasına da kömək edə bilər.

İltihab əleyhinə təsirləri

Zəncəfil güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik gingerol və şogaol kimi bioaktiv birləşmələrlə zəngindir.

Son araşdırmalar göstərir ki, zəncəfil əlavələri, xüsusilə autoimmun xəstəliklərdə iltihabın tənzimlənməsinə kömək edə bilər. Bir tədqiqatda zəncəfilin lupus, revmatoid artrit və antifosfolipid sindromu kimi xəstəliklərdə çox aktivləşən neytrofillərin fəaliyyətini azaltdığı məlum olub.

Neytrofillər patogenləri məhv etmək üçün torabənzər strukturlar (NET) yaradırlar. NET-lərin həddindən artıq formalaşması autoimmun xəstəlikləri ağırlaşdıra bilər. Tədqiqatda bir həftə ərzində gündəlik zəncəfil qəbulu NET-lərin yaranmasını əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunub.

Bu araşdırmada zəncəfil əlavələri istifadə olunsa da, təzə zəncəfil və ya zəncəfil çayının eyni təsirə malik olub-olmadığı hələlik məlum deyil. Bununla yanaşı, nəticələr zəncəfilin müəyyən autoimmun xəstəliklər üçün təbii bir dəstək ola biləcəyini göstərir. Lakin hələ də bununla bağlı əlavə araşdırmalara ehtiyac var.

Zəncəfil həm də antimikrob xüsusiyyətlərə malikdir. Bu da bakteriya, virus və digər zərərli mikroblarla mübarizəyə kömək edir. Antiiltihab təsiri ilə birlikdə, o, boğaz ağrısı kimi soyuqdəymə simptomlarında geniş istifadə olunur.

Ağrıların azaldılması

Ağrı ilə bağlı aparılan araşdırmalarda nəticələr ümidvericidir, lakin tam yekdil deyil. Bəzi tədqiqatlar göstərir ki, zəncəfil ekstraktı osteoartritli insanlarda xüsusilə də müalicənin əvvəlində diz ağrısını və sərtliyi azalda bilər. Amma nəticələr fərqli olur və hər kəs eyni təsiri hiss etmir.

Əzələ ağrıları ilə bağlı bir tədqiqatda 11 gün ərzində gündə iki qram zəncəfil qəbul edən insanlarda məşqdən sonra ağrıların azaldığı müşahidə olunub.

Zəncəfil menstrual ağrıların azalmasına da kömək edə bilər. Hətta bəzi araşdırmalar onun ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlarla müqayisə oluna biləcək dərəcədə təsirli olduğunu göstərir.

Tədqiqatçılar hesab edirlər ki, zəncəfil sinir sistemində ağrı siqnallarını zəiflədən yolları aktivləşdirir və iltihabverici maddələrin- prostaglandin və leykotrienlərin qarşısını alır.

Ürək sağlamlığı və diabetə dəstək

Yüksək qan təzyiqi, yüksək qan şəkəri və yüksək LDL xolesterin ürək xəstəlikləri üçün əsas risk faktorlarıdır. Zəncəfil bu göstəricilərin hamısını yaxşılaşdıra bilər.

2022-ci ildə aparılmış 26 klinik tədqiqatın ümumi analizi göstərdi ki, zəncəfil əlavəsi trigliserid, ümumi xolesterin və LDL səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, HDL (“yaxşı” xolesterin) səviyyəsini isə artırır. O, həmçinin qan təzyiqini aşağı sala bilər.

Tip 2 diabetli insanlar üçün zəncəfil əlavə faydalar təklif edə bilər. On tədqiqatın icmalına görə, 4–12 həftə ərzində  gündə bir–üç qram zəncəfilin qəbulu həm xolesterin səviyyəsini, həm də qan şəkərinin tənzimlənməsini yaxşılaşdırıb.

Bu təsirlər zəncəfilin insulin həssaslığını artırması, hüceyrələrdə qlükozanın mənimsənilməsini gücləndirməsi və oksidləşdirici stressi azaltması ilə əlaqələndirilir.

Zəncəfilin cinsi sağlamlıq üçün də faydalı ola biləcəyi ilə bağlı ilkin araşdırmalar mövcuddur. Lakin insanlarda bununla bağlı göstəricilər hələ məhduddur. Heyvan tədqiqatları zəncəfilin testosteronu artırdığını, qan dövranını yaxşılaşdırdığını və cinsi davranışı gücləndirdiyini göstərir. Ənənəvi təbabətdə isə o, uzun illərdir afrodiziak kimi istifadə olunur. Klinik sübutlar az olsa da, zəncəfilin iltihabəleyhinə olması, qan dövranını yaxşılaşdıran və hormonal təsirləri xüsusilə diabet və oksidativ stress kimi sağlamlıq problemi olan şəxslər üçün mühüm rol oynaya bilər.

Beyin sağlamlığı və xərçəng tədqiqatları

Yeni araşdırmalar göstərir ki, zəncəfil neyroprotektiv və xərçəng əleyhinə təsirlər də göstərə bilər. Laboratoriya şəraitində aparılan tədqiqatlar göstərir ki, zəncəfilin birləşmələri beyin hüceyrələrini Alzheimer kimi xəstəliklərdə önəmli faktor olan oksidləşdirici zədələrdən qorumağa kömək edir. Digər in vitro araşdırmalar göstərir ki, zəncəfil bəzi xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilər. Lakin bunların insanlar üçün nə dərəcədə effektli olduğunu təsdiqləmək üçün daha çox araşdırmağa ehtiyac var.

Zəncəfil adətən qida və ya çay formasında qəbul edildikdə təhlükəsizdir, lakin hər bir əlavə kimi onu da ölçülü istifadə etmək lazımdır.

Gündə dörd qramdan çox zəncəfil bəzi insanlarda ürək yanması, şişkinlik, ishal və ya ağızda qıcıqlanma yarada bilər. Bu yan təsirlər adətən yüngül və müvəqqətidir.

Beləliklə, zəncəfil sadəcə ətirli bir mətbəx ədviyyatı deyil, artan elmi sübutlarla dəstəklənən təbii bir müalicə vasitəsidir. Əksər insanlar üçün zəncəfili yeməklərdə və çayda istifadə etmək onun faydalarından yararlanmağın təhlükəsiz və effektiv yoludur. Əgər qida əlavəsi olaraq qəbul etməyi düşünürsünüzsə, xüsusilə də xəstəlik müalicə edirsinizsə və ya dərman qəbul edirsinizsə, həkim və ya əzaçı ilə məsləhətləşmək ən doğru addım olacaq.

Şahnigar Əhmədova, "İki sahil"