24 noyabr 2025 15:43
119

Tarixi ədalətin bərpası, dövlətçilik ənənələrinin möhkəmlənməsi və Böyük Qayıdışın yeni mərhələsi - Kəlbəcər Şəhəri Günü

Azərbaycanın Zəfər tarixində mühüm yer tutan 25 Noyabr - Kəlbəcər Şəhəri Günü dövlətçilik ənənələrimizin möhkəmlənməsi, milli yaddaşın bərpası və tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər həm coğrafiyası, həm tarixi, həm də mədəni irsi ilə Azərbaycan dövlətçiliyinin qədim dayaqlarından biri olub. Ölkənin ən yüksək dağ rayonlarından sayılan bu bölgə əsrlər boyu Şərqi Zəngəzur və Qarabağ arasında strateji keçid rolunu oynayaraq siyasi, hərbi, iqtisadi və mədəni proseslərin mərkəzində yer alıb.

Qədim yaşayış məskənlərini əhatə edən Kəlbəcər arxeoloji dəlillərin zənginliyinə görə Azərbaycanın ən önəmli tarixi-bədii xəzinələrindən biridir. Petroqliflər, kurqanlar, qədim məbəd qalıqları və orta əsr qalaları bölgənin qədim türk dünyası ilə bağlılığını təsdiqləyir, burada minillər boyu formalaşmış mədəni həyatın davamlılığını göstərir. Təbii sərvətləri, müalicəvi mineral suları və unikallığı ilə seçilən “İstisu” artıq ötən əsrdən ölkənin brend məkanlarından biri kimi tanınıb.

Kəlbəcərin inzibati rayon statusu 1930-cu ildə rəsmiləşdirilsə də, onun tarixi əhəmiyyəti bundan qat-qat əvvəlki dövrlərə gedib çıxır. Bu diyarın coğrafi mövqeyi - dağ silsilələri, çətin keçilən yollar və strateji yüksəkliklər - onu hər zaman region üçün önəmli edir.

İşğal və beynəlxalq hüquqa meydan oxuma

1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi təkcə Azərbaycanın ərazi bütövlüyünə ağır zərbə vurmadı, həm də mülki əhaliyə qarşı yönəlmiş insanlıq əleyhinə cinayətlərin say qəlibini genişləndirdi. Minlərlə ailə dədə-baba torpaqlarından qovuldu, kənd və qəsəbələr dağıdıldı, rayonun tarixi-mədəni irsi talan edildi. İşğal dövründə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüququn bütün prinsiplərinin kobud şəkildə pozulması demək idi.

Beynəlxalq ictimaiyyət bu təcavüzü tanıyaraq BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi ilə Ermənistan qoşunlarının Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, sənəd 27 il boyunca kağız üzərində qaldı.

Vətən müharibəsi: Qalibiyyətə aparan yol və Kəlbəcərin strateji rolu

2020-ci ilin payızında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə milli birliyin, siyasi iradənin və hərbi gücün təntənəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlar, dəqiq strateji planlaşdırma və çevik taktiki qərarlar ölkəmizə 44 gündə hərbi-siyasi üstünlük qazandırdı.

Kəlbəcərin azad olunması həm hərbi əməliyyatların gedişində, həm də müharibədən sonrakı mərhələdə xüsusi strateji önəm daşıyırdı. Çünki Kəlbəcərin coğrafiyası Qarabağ bölgəsinin təhlükəsizlik sisteminin mühüm həlqəsidir. Bunu nəzərə alan Azərbaycan diplomatiyası və hərbi-siyasi rəhbərlik, imzalanmış Üçtərəfli Bəyanat çərçivəsində Kəlbəcərin döyüşsüz azad olunmasına nail oldu.

25 noyabr 2020-ci ildə Ermənistan birliklərinin bölgədən çıxarkən törətdiyi yanğınlar, infrastrukturu dağıtması, meşə və kəndləri yandırması onların qeyri-insani siyasətinin, illərlə davam etmiş erməni vandalizminin növbəti sübutu kimi yadda qaldı.

Prezident İlham Əliyevin Sərəncamı ilə 25 Noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi həm tarixi ədalətin bərpa olunmasının, həm də bölgənin strateji əhəmiyyətinə verilən yüksək dəyərin təcəssümüdür. Dövlət başçısının Kəlbəcərə etdiyi səfərlər, burada səsləndirdiyi fikirlər və yeni inkişaf konsepsiyası bölgənin gələcək perspektivlərini müəyyən edən strateji yol xəritəsidir.

Böyük Qayıdış: Yeni Kəlbəcərin formalaşması

İşğaldan azad edilmiş Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələri Azərbaycanın güclü siyasi iradəsini, iqtisadi potensialını və milli strategiyasını əks etdirir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası, mühəndis-kommunikasiya şəbəkələrinin bərpası sürətlə davam edir.

Hazırda bölgədə aşağıdakı böyük layihələr icra olunur:

Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi inşa edilir;

Yanşaq kəndində 421 ailənin,

Zallar kəndində 487 ailənin,

Zar kəndində 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur;

Rayonun elektrik, su, qaz və rabitə infrastrukturu müasir standartlarla bərpa olunur.

Bərpa strategiyasının əsas tərkib hissələrindən biri də bölgənin əlçatanlığının artırılmasıdır. Bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu həm bölgənin iqtisadi inteqrasiyasını, həm turizm potensialını gücləndirəcək layihə kimi xüsusi əhəmiyyət kəsb edir.

Enerji, turizm və iqtisadi dirçəliş: Yeni inkişaf xətti

Kəlbəcərin təbii enerji resursları regional enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Su-elektrik potensialının bərpası istiqamətində görülən işlər yeni istehsal mənbələri yaradır.

Turizm sektorunda “İstisu” brendinin yenidən dirçəldilməsi xüsusi diqqət mərkəzindədir. İnşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksi həm tibbi turizmin inkişafına, həm də Kəlbəcərin beynəlxalq tanıdılmasına xidmət edəcək.

Beləliklə, 25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycanın dövlətçilik ruhunun, milli qürurunun, tarixi iradəsinin və Zəfər irsinin birgə təzahürüdür. İşğaldan azad olunmuş bu müqəddəs torpaqlarda sürətlə həyata keçirilən bərpa və inkişaf işləri Kəlbəcərin yaxın illərdə regionun ən müasir, təhlükəsiz və dinamik inkişaf edən bölgələrindən birinə çevriləcəyini göstərir.

Bu gün həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan xalqının birliyinin və qəhrəman Ordumuzun rəşadətinin dövlətçilik tariximizdə əbədiləşdiyi gündür.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri