20 noyabr 2025 15:30
309

Evdə toz niyə heç bitmir? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Evinizi başdan-ayağa təmizlədikdən qısa müddət sonra mebellərin üzərində yenidən incə toz təbəqəsinin əmələ gəlməsi bir çoxlarının qarşılaşdığı vəziyyətdir. Mütəxəssislərə görə, evdə tozlanmanın əsas səbəbi göründüyündən daha sadədir. Problem, adətən, təmizlik prosesində istifadə olunan yanlış üsullardan qaynaqlanır.

“Good Housekeeping” İnstitutunun “Ev baxımı və təmizlik” laboratoriyasının mütəxəssisləri uzun illərdir tozun artma mexanizmini araşdırırlar. Laboratoriyanın direktoru Carolyn Forte bildirir ki, toz göründüyündən daha hərəkətli quruluşa malikdir və ətraf mühitə tez yayılır.

Təmizlikdə uzun fasilələr tozlanmanı sürətləndirir

Mütəxəssislərin sözlərinə görə, toz alma prosesi uzun fasilələrlə aparıldıqda səthlərdə yığılan toz hissəcikləri daha sürətlə yayılır və təmizlik təsirini tez itirir. Buna görə xalçaların həftədə bir dəfə süpürülməsi, səthlərin isə mütəmadi silinməsi əsas başlanğıc qaydası kimi tövsiyə olunur. Lakin Carolyn Forte əsas səhvin çox vaxt istifadə olunan təmizlik vasitələrindən irəli gəldiyini diqqətə çatdırır.

Tüklü toz alıcılar gözlənilən nəticəni vermir

Uzun illər populyar olan tüklü toz alıcıların artıq effektiv sayılmadığı qeyd olunur. Belə vasitələr tozu toplamaq əvəzinə onu havaya qaldırır və evin digər səthlərinə yayır. Bu isə gözlə görünməyən, lakin davamlı şəkildə təkrarlanan yeni toz dövriyyəsinə səbəb olur.

Mikrofiber bez – daha təsirli alternativ

Mütəxəssislər tüklü toz alıcıların əvəzinə mikrofiber bezlərdən istifadə etməyi daha səmərəli hesab edirlər. Statik quruluşu sayəsində mikrofiber material tozu real şəkildə götürür və səthlərdə daha təmiz görüntü yaradır. Yüngülcə nəmləndirilmiş mikrofiber bezlə silmək isə tozun havaya qalxmasının qarşısını aldığı üçün daha yüksək nəticə verir.

Filtrlərin təmizlənməməsi evdə tozlanmanı artırır

Evdə tozun tez yığılmasının digər vacib səbəbi istilik və soyutma sistemlərinin vaxtında təmizlənməməsidir. Kondisioner, radiator və havalandırma sistemlərinin filtrləri mütəmadi təmizlənmədikdə, həmin cihazların çəkdiyi toz yenidən otağa yayılır. Bu, həm hava keyfiyyətinin aşağı düşməsinə, həm də tozlanmanın artmasına gətirib çıxarır. Mütəxəssislər filtrlərin hər üç aydan bir dəyişdirilməsinin tozun miqdarını nəzərəçarpacaq dərəcədə azaltdığını bildirirlər.

Pəncərə və qapı aralıqları tozun əsas giriş mənbələrindəndir

Evə daxil olan havanın daşdığı kir və incə toz hissəcikləri də tozlanmada mühüm rol oynayır. Pəncərə və qapı aralıqlarından içəri sızan hava evə çöldən müxtəlif hissəcikləri gətirir. Xüsusilə böyük şəhərlərdə bu proses daha qabarıq şəkildə müşahidə olunur. Qapı və pəncərə bantlarının yenilənməsi həm enerji səmərəliliyi təmin edir, həm də evə daxil olan havanın daha təmiz olmasına kömək göstərir.

Ev heyvanları tozlanmanı sürətləndirir

Ev heyvanı olan ailələrdə tozlanmanın daha sürətli baş verdiyi vurğulanır. Çünki heyvan tükü və mikroskopik dəri qalıqları ev tozunun əsas komponentlərini təşkil edir. Bu səbəbdən mütəxəssislər heyvanların müntəzəm daranmasını və istifadə olunan elektrik süpürgəsinin mütləq “HEPA” filtrli olmasını məsləhət görürlər. Belə filtr kiçik hissəcikləri saxlayaraq onların ev daxilində dolaşmasını əhəmiyyətli dərəcədə azaldır.

Orxan Vahidoğlu, “İki sahil”