17 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 03 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini vurğulayıb. O, son illər ərzində İcma tərəfindən ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləri üzərində dayanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında dövlət başçısının son bəyanatlarından sonra İcmanın fəaliyyətində yeni mərhələnin başlandığını qeyd edib və qarşıdakı dövr üçün strateji hədəflərə toxunub.
Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları əsasında hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətini vurğulayıb. O, ali təhsil müəssisələrində mövzuya dair konfransların təşkilinin faydalı olacağını qeyd edib, Qərbi Azərbaycan TV-nin kanal televiziyasına keçirilməsini, həmçinin Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliğini təklif edib.
Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Qayıdış Konsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə söykəndiyini bildirərək hüquqşünaslarla tarixçilərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanın təşkilatlanmasını mühüm siyasi və hüquqi hadisə adlandırıb. O, Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusi xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi Azərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Əməkdar jurnalist Həsən Həsənov Qərbi Azərbaycan tarixinin son illərdə daha dərindən araşdırıldığını bildirib. O, ermənilər tərəfindən tarixi izlərin silinməsinin Qərbi Azərbaycanın türk torpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və deportasiya olunmuş qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tam hüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.
AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov Qərbi Azərbaycan tarixinin elmi əsaslarla daha geniş araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təmin edilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirərək beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.
Bakı QHT Resurs və Təlim Mərikəzinin sədri Rauf Zeyni həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edərək sosial şəbəkələrdə mövzunun daha fəal təbliğinin əhəmiyyətinə toxunub.
Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi əməkdaşı Nazim Mustafa Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin cəlb edilməsinin vacibliyini qeyd edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov tarixi qələbədən sonra dövlət qarşısında duran əsas vəzifələrdən birinin Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsi olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm Komissiyasının iştirakı ilə regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmli şəxsiyyətləri barədə kitabların nəşr edilməsinin vacibliyini vurğulayıb.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən edilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul olunub.
Prezidentin Azərbaycan dili ilə bağlı irəli sürdüyü tələblər Milli Məclisin komissiyasında müzakirə olunacaq
“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi - FOTO