Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayan çoxmillətli koalisiya Milad bayramına qədər qüvvələrin yerləşdirilməsinin yeni mərhələsinə keçməyi planlaşdırır.
“İki sahil” "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə brifinq zamanı bildirib.
Makron qeyd edib ki, Fransanın və Böyük Britaniyanın rəhbərliyi altında Ukraynanı dəstəkləmək üçün Paris yaxınlığında yerləşən koalisiya qərargahı artıq bir neçə həftədir tam fəaliyyət göstərir.
"Bu qərargah bizim təhlükəsizlik zəmanətləri üzərində koalisiya çərçivəsində apardığımız işin nəticəsidir. Biz fəaliyyət planı hazırlamışıq və artıq bu gün Parisdə 60 planlaşdırma inteqratoru işləyir", – deyə Makron vurğulayıb.
Koalisiyanın əsas məqsədi atəşkəsdən sonra təmas xəttindən müəyyən məsafədə təhlükəsizliyi təmin edəcək qüvvələrin yerləşdirilməsinə hazırlıqdır. Söhbət həmçinin Rusiyanın yeni təcavüz ehtimalına qarşı Ukrayna Silahlı Qüvvələrinin bərpası və gücləndirilməsinə dəstəkdən gedir.
"Biz hazırıq, hər şey plana uyğun gedir və Milad bayramında qüvvələrin yerləşdirilməsinin yeni mərhələsinə keçməyi planlaşdırırıq", – Makron söyləyib.