Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin I dövründə yaratdığı mənəvi, ideoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər Birliyinin süqutu zamanı xalqın dayağı oldu
Otuz üç ildir ki, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci il tarixində Bakının mərkəzi sayılan Azadlıq (keçmiş Lenin) meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.
Onu da qeyd edək ki, 1988-ci ilin xalq hərəkatı dalğalarında Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti düzgün qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox özlərinin siyasi karyera maraqlarını düşünən və hələ də imperiyanın təlimatlarına uyğun davranan “siyasətçilərin” milli mübarizə ruhundan uzaq olması xalqımıza qarşı 20 Yanvar faciəsinin baş verməsi ilə nəticələndi. O zaman hakimiyyətdə bir-birini əvəz edən kommunist və cəbhəçi siyasətçilərin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığını dərk edən xalq yenə də Heydər Əliyevə üz tutdu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Dövlət Bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı. 1991-ci ilin martında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu belə müəyyən etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı və nəhayət bəyan etdi: “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”.
Beləliklə, milli dirçəlişdən müstəqilliyə və milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında Ermənistanla müharibədə ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Son 22 ildə isə Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyi ilə öz iqtisadi, hərbi gücünü birə-on artırdı. Dövlət başçısı ən mötəbər tribunalardan dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının Ermənistan tərəfindən işğalı faktı ilə razılaşa bilməz.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 5 il əvvəl Milli Dirçəliş Günü ərəfəsində milli mübarizə tariximizin ən parlaq səhifəsinə imza ataraq bütün dünya üçün mümkünsüz görünəni mümkün etdi. Ali Baş Komandan yaratdığı rəşadətli Azərbaycan Ordusu təqribən 30 illik əsarətdən sonra onun rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Müdrik Lider ətrafında bir yumruq kimi birləşən xalqımızın milli birliyi və həmrəyliyi bütün dünyaya göstərdi ki, heç bir qüvvə xalqımızın azadlıq və müstəqillik iradəsini sındıra bilməz.
İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs Qələbə təkcə 44 günün ərzində qazanılmamışdır. Bu Qələbə və Qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş, evindən-eşiyindən didərgin düşmüş bir xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və israrlı tələbi ilə Ümummilli Liderin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı taleyüklü tarixi anlardan başlamışdır. Bu Qələbə Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlər ilə səmərəli əməkdaşlıq müstəvisi qurduğu illərdən, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamışdır. Bütövlükdə bu Qələbə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu neft strategiyasından başlamışdır və Ümummilli Liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi oğul, Prezident, Sərkərdə bəxş etməsi sayəsində mümkün olmuşdur. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir.
Sevinc Azadi, “İki sahil”