Müstəqil və güclü Azərbaycanın Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın ayının 9elan edilməsi barədə qərar qəbul edib. Üçrəngli bayrağımız qürurverici dövlət rəmzlərimizdən biridir.
Bəli, dövlət bayrağımızın yaranmasının şanlı tarixi var. Belə ki, üçrəngli bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olundu. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bayrağımızı sevənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdi, ordumuzun arxası-dayağı oldu, Vətən müharibəsində tarixi Zəfər qazandı.
Azərbaycançılıq hər bir vətəndaşın ruhundadır. Bu ruh vətəndaşlıq ruhudur, bu ruh tarixi ruhdur, bu ruh tarixin ruhudur...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Bu şanlı səhifəni tariximizə Müzəffər Sərkərdəmiz İlham Əliyev yazdı.
Daha bir möhtəşəm qələbəmiz isə 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi ilə tarixə düşdü. 24 saatdan az müddətdə qazanılan hərbi Zəfərimiz suverenliyimiz bərpa etdi. Qarabağdakı separatçı rejim birdəfəlik tarixin zibilliyinə atıldı.
Bütün dünya azərbaycanlılarını və dost, qardaş ölkələri sevindirən digər məqam isə 2023-cü il oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Müzəffər Ali Baş Komandan Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi. 2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrindən biri oldu.
İndi Qarabağda və Şərqi Zəngəzurda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Bəli məhz bu zəfərlər təqdimatında xalqımız Dövlət Bayrağı Gününü çox yüksək əhvali-ruhiyyədə qeyd edir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri