06 noyabr 2025 11:07
333

Şuşanın azadlığı xalqımızın yaddaşında əbədi yazılmış qürur səhifəsidir

2020 - ci ilin noyabrın 8-də Azərbaycan tarixinin ən şərəfli və ən parlaq səhifələrindən biri yazıldı. Qorxmazlıq, şücaət və igidlik rəmzi olan Azərbaycan əsgəri əcdadlarımızın şanlı qələbələrindən ilham alaraq Şuşa şəhərini erməni tapdağından vandalizimindən, təcavüzkarlığından azad etdi. Şuşanın azadlığı hərbi uğur olmaqla yanaşı, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi zəkasının, qəhrəman Silahlı Qüvvələrimizin və  xalqımızın əzminin, iradəsinin, milli birliyinin və ən əsası tarixi ədaləti bərpa etmək gücünün, istəyinin möhtəşəm əsəridir. Biz bu qələbəni haqq edirdik və onu qazandıq.

Şuşa adı çəkiləndə dünyanın hansı hissəsində aslı olmadan hər bir azərbaycanlının düşüncəsində, ruhunda əvəzsiz hisslər canlanırdı. Çünki Şuşa Qarabağımızın tacı, mədəniyyətimizin, müsiqimizin, poeziyamızın beşiyidir. Bu əzəmətli torpaqda Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan, Bülbül kimi dahilər doğulub. Bu səbəbdən, Şuşanın azadlığı xalqımızın ruhunun azadlığı idi. Belə bir məqamda Möhtərəm, Cənab Prezident İlham Əliyevin dediyi "Əziz Şuşa, sən azadsan! 
Əziz Şuşa, biz qayıtmışıq! 
Əziz Şuşa, biz səni dirçəldəcəyik! 
Şuşa bizimdir! Qarabağ bizimdir! 
Qarabağ Azərbaycandır!" nidası məhz Qarabağ Zəfərinin simvolu kimi qiymətləndirilməlidir.

Şübhəsiz ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. 
Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Dövlət başçımız Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Cənab Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbəmizin təmin edilməsində mühüm rol oynadı.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu 2020-ci il noyabrın 8-də reallığa çevrildi. Düşmənin alınmaz qala adlandırdığı Şuşa şəhəri azad olundu və işğalçı Ermənistan diz çökdü. Bununlada Azərbaycan haqq savaşında ədalətin və gücün birliyini bütün dünyaya nümayiş etdirdi.  Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün Şuşa şəhəri yenidən doğulur. Sakinlər öz doğma yurduna qayıdır və Şuşada həyat canlanır. Eyni zamanda, cənab Prezident İlham Əliyevin düşünülmüş strategiyası nəticəsində Şuşa şəhəri həm mədəniyyət mərkəzi kimi, həm də siyasi beyin mərkəzi kimi şöhrət qazanır. Şuşanın azadlığı xalqımızın yaddaşında əbədi yazılmış qürur səhifəsidir. Azərbaycan qazandığı ZƏFƏR  ilə bütün dünyaya bəyan etdi ki, öz gələcəyini özü müəyyən edir və heç bir qüvvə Azərbaycan xalqının iradəsini sındıra bilməz.

Günay Ağamalı,
Milli Məclisin deputatı