05 noyabr 2025 10:24
79

8 Noyabr – Şuşa şəhəri günüdür

Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qəhrəmanlıq və azadlıq uğrunda mübarizələrlə dolu səhifələri mövcuddur. Bu səhifələr arasında 2020-ci ilin 8 noyabr tarixi xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin gün Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında olan Şuşa şəhərini azad etdi. Bu tarixi qələbə təkcə bir şəhərin azadlığı deyil, həm də xalqımızın milli qürurunun, birliyinin və iradəsinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla 8 noyabr tarixi “Zəfər Günü”, həmçinin “Şuşa şəhəri günü” kimi qeyd olunur.

Şuşa – Azərbaycan mədəniyyətinin, musiqisinin və mənəvi dünyasının beşiyi sayılan bir şəhərdir. Onun azadlığı təkcə torpaqların deyil, ruhun da azadlığı demək idi. Bu səbəbdən 8 noyabr Azərbaycan tarixində ən parlaq günlərdən biri kimi

Şuşa şəhəri XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış və qısa müddət ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Şəhərin strateji yerləşməsi – dağlıq ərazidə, sıldırım qayalar üzərində salınması onun müdafiə baxımından əhəmiyyətini artırmışdır.Tarix boyu Şuşa Azərbaycan mədəniyyətinin ən görkəmli simalarını yetişdirmişdir. “Qafqazın konservatoriyası” adlandırılan bu şəhərdən Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xurşidbanu Natəvan kimi sənətkarlar çıxmışdır. Şuşa həm də Qarabağ xanlığının siyasi paytaxtı olmaqla yanaşı, milli kimliyimizin simvoluna çevrilmişdi.XX əsrin sonlarında Ermənistanın təcavüzü nəticəsində 1992-ci il mayın 8-də şəhər işğal olundu. Bu hadisə Azərbaycan xalqı üçün böyük faciə idi. Şuşanın itirilməsi təkcə strateji bir şəhərin deyil, həm də mədəniyyətimizin incisinin itirilməsi demək idi. Lakin xalqımız heç vaxt bu itkini qəbul etmədi və 30 il ərzində azadlıq arzusu ilə yaşadı.

2020-ci ilin 27 sentyabrında Ermənistanın yeni hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qısa müddətdə işğal altında olan bir çox rayon və kəndləri azad etdi. Lakin ən böyük və strateji hədəf Şuşa idi. Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biridir. Qəhrəman əsgərlərimiz dağlıq və sıldırım qayalarla dolu meşəlik ərazidən gizli yollarla irəliləyərək şəhərə daxil oldular. Ağır döyüşlər nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa tam azad edildi. Prezident İlham Əliyev həmin gün xalqa müraciət edərək qürurla bəyan etdi:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”

Bu sözlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas dönüş nöqtəsi idi. Bundan cəmi bir neçə gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Şuşa azad olunduqdan sonra dövlət tərəfindən şəhərin bərpası və əvvəlki görkəminə qaytarılması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Şuşaya səfər edərək bərpa layihələrinin gedişi ilə yaxından tanış oldular.

Bu gün Şuşada tarixi abidələrin restavrasiyası, küçə və yolların yenilənməsi, yeni məktəb, xəstəxana və mədəniyyət ocaqlarının inşası həyata keçirilir. Xüsusilə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı və “Vaqif Poeziya Günləri” kimi tədbirlər şəhərin əvvəlki mədəni şöhrətini bərpa edib. Şuşa 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu. Bu hadisə Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynadı. Eyni zamanda, şəhərin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsi istiqamətində də işlər aparılır. Şuşa yalnız bir şəhər deyil – o, Azərbaycanın milli birliyinin, dirənişinin və qürurunun rəmzidir. 8 Noyabr tarixi hər bir azərbaycanlı üçün qələbənin, azadlığın və müstəqilliyin təntənəsini ifadə edir. Bu gün Şuşaya səfər etmək hər bir vətəndaş üçün mənəvi ziyarətə çevrilib. Şuşanın azadlığı həm də dünyaya Azərbaycan xalqının iradəsini, əsgərinin qəhrəmanlığını və dövlətinin gücünü nümayiş etdirdi. Bu qələbə sübut etdi ki, xalq, ordu və dövlət bir amal uğrunda birləşdikdə heç bir qüvvə qarşısında dayana bilməz.

Zəfər Günü hər il ölkə boyu böyük təntənə ilə qeyd olunur. Hər bir məktəbdə, universitetdə, idarədə və ailədə bu günün mənası uşaqlara, gənclərə aşılanır. Çünki 8 Noyabr yalnız bir tarixi hadisə deyil, həm də gələcək nəsillər üçün milli kimliyin və vətənpərvərlik ruhunun daşıyıcısıdır. 8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bir gündür. Bu gün bizə bir daha göstərdi ki, torpaq uğrunda canını fəda edən qəhrəmanlarımızın ruhu qarşısında borcumuz onların mübarizəsini unutmamaq və qazandığımız azadlığı qorumaqdır.Şuşa bu gün yenidən dirçəlir, sanki öz səsini, musiqisini, poeziyasını bərpa edir. Cıdır düzündə səslənən muğam, Xurşidbanu Natəvanın poeziyası, Üzeyir Hacıbəylinin melodiyaları bir daha göstərir ki, Şuşa Azərbaycan mədəniyyətinin ürəyidir.

8 Noyabr – Şuşa şəhəri günü həm qələbənin, həm mədəni dirçəlişin, həm də milli birliyin rəmzidir. Hər bir azərbaycanlı üçün bu gün qürur, sevinc və minnətdarlıq günüdür.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi