Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon Fövqəladə Hallar Komissiyasının, mülki müdafiə idarəetmə orqan və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Tədbirdə əvvəlcə şərti fövqəladə hal zamanı “əhalinin köçürülməsi” üçün hazırlanmış çadır şəhərciyinə baş çəkilib, mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.
Müşavirədə çıxış edən Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı FHN-in qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kompleks təlimə FHN-in Aran Regional Mərkəzinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyəti və 64 ədəd texnikası cəlb edilib.
Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
                                
                                    
                                    
                                
                                
                                
                                    “Mən bu ömrü elə belə yaşadım” –  ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb