04 noyabr 2025 13:06
104

Hazırda 34 şəhid xanımının ali təhsil alma imkanı komitənin dəstəyi ilə həyata keçirilir

Şəhid ailələrinin sosial dəstək sisteminin gücləndirilməsi çərçivəsində hazırda 34 şəhid xanımı ali təhsil almaq imkanı əldə edib və bu, Komitənin dəstəyi ilə reallaşıb.

“İki sahil” xəbər verir ki,  bu sözləri Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova brifinqdə çıxışı zamanı söyləyib.

Komitə sədri qeyd edib ki, ölkədə sosial siyasət insan amilinə, ailə institutunun möhkəmləndirilməsinə yönəlib. Ali təhsil üçün yaradılan bu imkanlar çərçivəsində şəhid ailələrinin üzvlərinin gələcəkdə ölkənin inkişafına töhfə vermələri məqsədilə həm maliyyə, həm də inzibati dəstək mexanizmləri təmin edilir.

B.Muradova əlavə edib ki, yeni hüquqi bazanın formalaşması nəticəsində ailə, qadın və uşaqlara yönəlmiş islahatlar sürətlə davam edir. 2020-2025-ci illər ərzində 11 qayda və əsasnamə, 7 qanunvericilik dəyişikliyi və bir neçə Dövlət Proqramı qəbul edilib. Bu çərçivədə şəhid ailələrinin ali təhsil almaq imkanları da genişləndirilib və onların ali təhsilə çıxışı üçün xüsusi dəstək mexanizmləri qurulub. “Bu təşəbbüs yalnız təhsil imkanı deyil, həm də şəhid ailələrinin sosial inteqrasiyası, gələcək nəsillərin formalaşması üçün strateji əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.