Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı, Şabran rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “İki sahil”ə bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, torpağın təyinatının dəyişdirilməsi, subsidiya ödənişləri, damazlıq heyvanların lizinqi, güzəştli şərtlərlə kredit ayrılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Daha sonra nazir müavini İlhamə Qədimova Xızı rayonunun Sitalçay kəndi və Şorabad qəsəbəsində müasir heyvandarlıq təsərrüfatına və 110 hektar ərazidə salınmış intensiv zeytun bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yem təminatı, innovativ yemləmənin əhəmiyyəti, həmçinin bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.