03 noyabr 2025 03:33
138

Gürcüstanda narkotiklə bağlı test olunanların 76,6 faizində nəticə müsbət olub

Cari ilin doqquz ayı ərzində polis tərəfindən yoxlanılan şəxslərin 76,6 faizinin narkotik istifadəçisi olduğu təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, polis tərəfindən 8253 nəfər test olunub, onlardan 6322 nəfərinin nəticəsi müsbət çıxıb.

Yoxlanılan 2708 nəfər Tbilisidən olub. Onlardan 2279-nun narkotik təsiri altında olduğu təsdiqlənib.

İkinci yerdə Kvemo Kartli bölgəsi qərarlaşıb. Sınaqdan keçən 850 nəfərdən 518-nin narkotik istifadə etdiyi aşkarlanıb. Kaxeti isə üçüncü olub. 638 nəfərdən 443-ü narkotik intoksikasiya üçün müsbət nəticə verib.

Qeyd edək ki, Gürcüstanda narkotik tərkibli dərmandan istifadə inzibati xəta hesab olunur. Yalnız marixuananın istifadəsi istisna təşkil edir. Ondan da yalnız ictimai yerlərdə istifadə və yetkinlik yaşına çatmayanların istifadəsi qadağandır.

Yeni psixoaktiv maddələrdən, narkotik vasitələrdən, onların analoqlarından və prekursorlarından istifadə, habelə onların əldə edilməsi, saxlanması, istehsalı və daşınması Gürcüstanda 500 laridən 2000 lariyədək cərimə və ya 60 günə qədər inzibati həbslə cəzalandırılır.