31 oktyabr 2025 23:16
127

Vətən sevdalısı

İkinci Qarabağ savaşımızda amalı Vətən torpağını qorumaq, yağıya mübarizliklə qalib gəlmək amalı ilə döyüşə girib qəhrəmancasına şəhidlik zirvəsinə ucalan oğullardan biri də Tahir Əlizadədir. 1994-cü il iyunun 21-də Biləsuvar şəhərində dünyaya gələn, ölümsüzlüyə qovuşub adını tariximizin şərəfli səhifəsinə yazan igidi Azərbaycan xalqı ürəyində yaşadır, eləcə gələcək nəsillər də onunla fəxr edəcək, cəsarətdə, hünərdə ona oxşamağa çalışacaqlar.

Vətən sevdalısı orta məktəbi bitirəndə çıxışı zamanı bildirib ki, Ermənistan neçə ildir bizimlə ədalətsiz müharibə aparır. Günahsız qanlar töküb, Qarabağımızı işğal edib. Bundan çox narahatam. Belə bir ağır vaxtda mən öz yerimi cəbhə bölgəsində görürəm. Vətənin çətin günündə ona sipər dürmək hər bir gəncin vicdan borcudur.

Tahir dediyi kimi də edib. Ordu sıralarına gedib və cəbhə bölgəsinin əsgəri olmağına sevinib. Ürəyi həmişə erməni quldurlardan qisas almaq hissi ilə döyünən üzərinə düşən bütün tapşırıqların öhdəsindən dəqiq və vaxtında gəlib, əsgər yoldaşları, komandirləri tərəfindən sevilib, dərin hörmət qazanıb. Eləcə cəsurluğu, igidliyi qatıldığı təlimlərdən ona həmişə uğur gətirib. Əsgərliyi bitirəndə ermənilərdən alacağı öcə görə ömrünü hərbi sahəyə bağlayıb.

Gizir rütbəsində xidmətini davam edən, Vətən torpaqların azadlığı uğrunda vuruşmağı özünə şərəf bilən və buna nail olmaq üçün Tahir Əlizadə hərbi biliklərə dərindən yiyələnib. Qarabağımızı azad gərmək istəyi onu təcrübəli, peşəkar bir hərbiçiyə çevirib və məqamı yetişəndə bu yolda döyüşməyə hazır durub.

Nəhayət, Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də minlərlə Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğulları kimi arzusuna çatıb. Belə ki, erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda yağıya qarşı ilik döyüşə girib. Və elə ilk gündən ən ağır vuruşların qəhrəmanı olub. Tahir təki mərd igidlərin hesabına yeni-yeni kəndlər, qəsəbələr bir-birinin ardınca əsarətdən azadlığa çıxıb. Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Atıldığı ağır müharibə meydanların birində qəlpə yarası alıb. Azca müalicədən sonra yenidən yağıya qan qusdurub. Gizir Tahir Əlizadə Şuşa uğurunda zəfər savaşımızda sonlarında meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Burada yaralı yaralı əsgərlərini xilas edərkən özü də qəfil atılan gülləyə tuş gəlib. Bakı Sağlamlıq Mərkəzinə gətirilib, həkimlər nə qədər çalışsalar da, şəhidlik zirvəsinə ucalıb. Minlərlə insanların acı göz yaşları içində Biləsuvar şəhərində dəfn edilib. Cəsarətlə döyüşüb canını Vətənə fəda edən Biləsuvar elini qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Füzulinin, Cəbrayılın azadlığı uğrunda medallarla təltif olunub.

Azərbaycan xalqı Tahir Əlizadənin müqəddəs amallar uğrunda haqq savaşımızda göstərdiyi qəhrəmanlığı heç vaxt unudulmaz, həyat yolu gələcək nəsillərə örnək göstərilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü