30 oktyabr 2025 23:57
116

Vətənə sevdalı igid

Vətənə sevdalanıb 44 günlük haqq savaşımızda adını Azərbaycanın yeni, şanlı səhifəsinə yazan qəhrəmanlardan biri də Saleh Nəriman oğlu Məcidzadədir. Həyatı dərk edən gündən doğma yurdunun daşına, torpağına ürəkdən bağlanan Salehin son damla qanına qədər yağıya qarşı döyüşüb canından keçməsi bu ilahi sevgidən irəli gəldi. Şərəfli ölümü ilə ölümsüzlüyə qovsan qəhrəmanımız indi aramızda olmasa da, qısa ömrü doğma Azərbaycanın hər qarışına sonsuz məhəbbət mücəssəməsinə dönərək ürəklərdə yaşayır. Adı xalqın dilində böyük qürurla, iftixarla səslənir.

Vətənin dar günündə harayına məqamında çatan, müharibənin ilk günündən ən ağır döyüşlərdə şücaət göstərən Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonu, Nəsimikənd kəndində dünyaya göz açıb. Halal bir ailənin övladı olan bu ürəyi sevdalı oğlan xeyirxah əməllərə tapınmaqla xalqına, millətinə gərəkli boya-başa çatıb. Səmimiyyəti, saf əxlaqı, vətənpərvərliyi məktəb illərində ona hörmət qazandırıb. Yaratmağı, yaşatmağı özünə həyat prinsipi seçib. 15 yaşından universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Qazandığı nailiyyətlə tanınıb, sevilib. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. Qaldı ki, doğma yurdun düşmən tapdağında qalması onu heç cür rahat buraxmayıb. Buna görə də orduda xidmət etməyi daha üstün tutub. Əsgərliyə cəbhə bölgəsində başlayıb.

Vətənini göz-bəbəyi kimi qoruyub, uğrunda canından, qanından hər an keçməyə hazır olub. Qısa zaman kəsiyində xidmət etdiyi hərbi hissənin ən sayılın əsgəri olub. Sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. Təlimlər zamanı yüksək döyüşçü keyfiyyətləri göstərib, gizir rütbəsinə yüksəlib. Müharibə meydanında yağının başını əzmək üçün əsl güc sahibi olaraq yetişib. Saleh bir yerdə xidmət edən əsgərlərə bildirib ki, artıq mən Vətən torpaqların azadlığı uğrunda şəhid olmağa belə hazıram, siz də hazır olun. Müqəddəs yurd yerimiz-Qarabağımızı nəyin bahasına olursa-olsun mənfur erməni dığalardan azad etmək hər bir gəncin borcudur.

Saleh Məcidzadə Aprel döyüşlərində Vətən torpaqların müdafiəsinə qalxıb. Mərdliklə vuruşub, yağıya qan qusdurub. Lələ təpəyə Azərbaycanın üçrəngli qələbə bayrağı sancılanda şanlı qələbəmizin lap yaxında olduğuna tam inanıb. İgid əsgər daha sonra Tovuzda düşmən diversiya qruplarının məhv etməsində xüsusi məharət göstərib və təltif edilib.

Qəlbində torpağa məhəbbət, düşmənə nifrət hissi günbəgün alovlanan Saleh Məcidzadə Vətən müharibəsinin ilk günündə qeyri-bərabər döyüşdə düşmənə ciddi itkilər verib. Qələbəyə olan inamı neçə-neçə ağır müharibə meydanından onu üzüağ çıxardıb. Döyüşdən-döyüşə bərkiyən, hər qarşı torpaq uğrunda rəşadətlə vuruşan qəhrəman Vətən oğlu 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən haqq savaşımızda şəhadətə qovuşub. Adı əbədi olaraq yaddaşlara köçən Saleh Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Kəlbəcərin, Füzulinin azadlığına görə medallara və “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.

Bəli, torpaq şəhid qanı ilə Vətən olur. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Saleh kimi qeyrətli oğullar bir daha bunu öz qanları bahasına sübut etdilər. Onun göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmaz..

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü