29 oktyabr 2025 20:31
102

Milli Məclisin sədri: Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Azərbaycanın yanında yer alır

Qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir”. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

O, qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib: “Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir”.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq.

Sədr qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır.