29 oktyabr 2025 20:08
92

Türkiyə səfiri: Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb

Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək.

“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də, qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.