29 oktyabr 2025 17:21
129

BDU-da Maddi-mədəni irsi araşdırma Mərkəzi yaradılır

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın maddi-mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Maddi-mədəni irsi araşdırma Mərkəzi yaradılır.

Bununla bağlı Universitetin Elmi Şurası qərar qəbul edib.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra azad edilmiş torpaqlarımızda yerləşən və tarixi əsrlərlə ölçülən maddi-mədəni irsimizin öyrənilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. BDU-nun güclü elmi-pedaqoji potensialı bu sahədə genişmiqyaslı tədqiqatların aparılmasına imkan yaradır. Universitet alimləri tərəfindən Azərbaycanın maddi-mədəni irsi ilə bağlı elmi-tədqiqat işləri yerinə yetirilir, elmi və elmi-kütləvi məqalələr hazırlanır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi işində yeni yaradılan Mərkəz əhəmiyyətli rol oynayacaq.