İkinci Qarabağ müharibəsində qeyrətli Vətən övladlarının qanı bahasına Azərbaycan Ordusu yağı üzərində şanlı qələbə qazandı. Beləliklə 30 il əsir düşən torpaqlar azad olundu, xoşbəxt günlərimiz başlandı. Bu tarixi zəfərdə 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində dünyaya gələn Vüsal Qənbərli də Vətən, torpaq naminə son damla qanına qədər döyüş meydanından çıxmadı. Polad sinəsi ilə yağı gülləsini dəf edən igid “Təki Vətən yaşasın”- deyə gözlərini əbədi yumdu. Onun göstərdiyi igidlik və qorxmazlıq gənclərimiz üçün örnəyə, xalqımız üçün qürur mənbəyinə çevrildi. Düşmənin 23 saat 43 dəqiqəlik müqaviməti məhz belə qəhrəman oğulların sayəsində puç oldu. Bununla da Azərbaycanın yeni tarixi yazıldı, Vüsal ölümsüzlüyə qovuşdu, xalqının ürəyində özünə yer etməklə şəhid adı dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, Xocavəndin və Cəbrayılın azadlığına görə medallara layiq görüldü. Nəticədə igid Vətən sevdalısı torpağa gömülmədi, yeni bir həyat yaşamaq üçüm əlçatmaz, ünyetməz göylərə ucaldı. Vüsal cismən aramızda olmasa da, hər zaman Vətəni, milləti sevənlərin könüllərində sevilə-sevilə bəslənilər.
Azərbaycan xalqının iftixar mənbəyi olan şəhid Vüsal Qənbərli ayağı yer tutub tam torpağa bağlandıqdan sonra ailəsi ilə bərabər Qaradağ rayonuna köçüblər. Qanında Vətən eşqi, el sevdası axan Vüsal orta məktəbi bitirəndə cəmiyyətdə ən çox sevilən gənclərdən olub. Əsgərlik yaşı çatanda böyük həvəslə ordu sıralarına gedib. Cəbhə bölgəsində- Füzulidə müqəddəsliyinə tapınan, canından artıq sevdiyi Azərbaycanı göz-bəbəyi kimi qoruyub. Komandirlərin tapşırıqlarını vaxtında, düzgün yerinə yetirib, həm də onların qarşısında müharibə olsa Vətən torpaqlarının hər qarışı uğrunda döyüşəcəyinə and içib. Cəsurluğu, mərdliyi, igidliyi əsgərlərə nümunə göstərilən Vüsal ordudan evə dönsə da, qana susamış düşməni qanda boğmaq onun əsas amalı olaraq qalıb.
Amalına sadiq qalan Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlanan haqq savaşımızın əvvəlində ilk qoşulan könüllü döyüşçü olub. O, əlinə silah alıb şüurlu sürətdə, qorxmadan Vətənin müdafiəsinə qalxıb. Mübarizə meydanına girən gündən erməni dığaların kabusuna çevrilməklə onların layiqli cavabını verə bilib. Qubadlıda yağıya vurduğu sarsıdıcı zərbələri daha sərt olub. Düşmən xeyli itki ilə geri çəkilib. Qəhrəmanlığı dillərdən düşməyən, ağır müharibə meydanlardan zəfərlə çıxan Vüsal Qənbərli Xocavənd istiqamətində gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən şəhid olub, 20 dekabr 2020-cü ildə doğulduğu Günəşli kəndində torpağa tapşırılıb...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü
Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək