Minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post-münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülhməramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir, onun ərazisinin 13 %-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərərçəkənlərin sayı artır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən "Baş katibin Humanitar Silahsızlanma və Mina Təhlükəsizliyi Kampaniyası" adlı tədbirdə çıxış zamanı deyib.
Diplomat qeyd edib ki, genişmiqyaslı mina çirklənməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsinə ciddi maneə yaradır. Bu baxımdan Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edib.
Azərbaycan 2022-ci ildən etibarən BMT ilə birgə üç beynəlxalq mina konfransı təşkil edib. Konfranslar humanitar minatəmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzular üzrə konkret nəticələr və sənədlərlə yekunlaşıb.
Səfir xatırladıb ki, Azərbaycan 2023-cü ilin dekabrında 1954-cü il Haaqa Konvensiyası çərçivəsində "Minaların mədəni irs obyektlərinə təsiri" ilə bağlı qətnamənin qəbuluna nail olub.
BMT Baş Assambleyasının 79/173 saylı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Qətnamədə minaların, partlayıcı qalıqların itkin düşmüş şəxslərin axtarışı və qalıqlarının tapılması prosesinə maneələr yaratdığı qeyd olunub.
Diplomat mina fəaliyyətinin gender aspektinə də toxunarub. Bildirib ki, Azərbaycanda ilk qadın minatəmizləmə qrupları Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb.
Səfir çıxışının sonunda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha güclü həmrəyliyə və dəstəyə çağırıb: "Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar minatəmizləmə istiqamətində koordinasiyalı və adekvat fəaliyyət vacibdir," - T. Musayev vurğulayıb.